Litvanın Baş naziri İnqa Ruqinene rəhbərlik etdiyi hökumət iyunun 23-də istefaya gedəcək. Bu barədə “Delfi” portalı baş nazirin müşaviri İqnas Dobrovolskasa istinadən məlumat yayıb.
Məlumata görə, yeni hökumətin tərkibində hakim Sosial-demokrat partiyası doqquz nazirliyə nəzarəti saxlayacaq. “Litva naminə Demokratlar” partiyasına üç nazirlik veriləcək, Kəndlilər və Yaşıllar İttifaqının nümayəndələri isə iki nazir postunu tutacaqlar.
Yeni koalisiyanın formalaşdırılması məsələsi sosial-demokratların iyunun 6-da “Neman üzərində Şəfəq” partiyası ilə əməkdaşlığa son vermək qərarından sonra gündəmə gəlib. Sosial-demokratlar həmin partiyanı populist siyasət yürütməkdə ittiham ediblər.
Hakim partiyanın sədri Mindauqas Sinkevicius Baltik respublikasının baş naziri vəzifəsini tutmaq niyyətində olduğunu açıqlayıb. O, 2024-cü il parlament seçkilərindən sonra Litvada üçüncü baş nazir olacaq.
Litva Seymi ötən ilin avqustunda Sosial-Demokrat Partiyasının namizədi İnqa Ruqineneni baş nazir vəzifəsinə təsdiqləmişdi.







