17 C
Baku
Monday, April 29, 2024

Lizinq əməliyyatları üzrə ƏDV-yə cəlbetmədə hansı dəyişikliklər olub?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Lizinq əməliyyatları üzrə ƏDV-yə cəlbetmədə fərqli yanaşmalar mövcuddur. Təcrübədə rast gəlinirdi ki, bəzi vergi ödəyiciləri qarşı tərəfə elektron qaimə-faktura tətbiq edəndə nəinki əsas məbləği, hətta faizi də ƏDV-yə cəlb edərək təqdim edirdi. Vergi Məcələsinin 13.2.14-cü maddəsində maliyyə xidmətlərinə aid olunan əməliyyatlarda maliyyə lizinqi əməliyyatları qeyd edilirdi.

2024-cü il yanvarın 1-dən lizinqlə bağlı Vergi Məcəlləsində edilən dəyişikliklər bir çox məsələlərə aydınlıq gətirdi. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə “o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər” sözləri əlavə edildi.

Misal 1: Vergi ödəyicisi 10.000 manat dəyərində olan nəqliyyat vasitəsini qarşı tərəfə 2 il müddətinə lizinq müqaviləsi üzrə təqdim edib. Lizinq müqaviləsinə uyğun olaraq, o, hər ay 50 manat məbləğində faiz ödəyir. Vergi ödəyicisi Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən, maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlərə heç bir halda ƏDV tətbiq etməməlidir. Yəni, qarşı tərəfə təqdim edilən elektron qaimə-fakturada 50 manat ƏDV-dən azad olunan əməliyyatlar sütununa əlavə edilməlidir.

Maraqlı məqam lizinq müqaviləsi üzrə aktivlərin (əsas vəsaitlərin) ƏDV-yə cəlb edilməsinin necə tənzimlənməsidir. Vergi Məcəlləsinə əlavə olunmuş 164.1.2-1-ci maddəyə əsasən, ƏDV-dən azad edilmiş, yaxud ƏDV-yə cəlb olunmayan əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim olunması ƏDV-dən azad edilir.

Maddədən belə anlaşılır ki, vergi ödəyicisinin lizinq müqaviləsi üzrə təqdim edəcəyi aktivi əldə edən zaman, ƏDV ödədiyi haldan asılı olaraq, ƏDV-yə cəlbetmə halları müəyyən ediləcək.

Misal 2: Vergi ödəyicisi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş lizinq müqaviləsinin obyekti olan əsas vəsaitləri idxal edir. Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, həmin lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlər ƏDV-dən azad edilir. Bu halda vergi ödəyicisi lizinq müqaviləsi üzrə aktivləri ƏDV-yə cəlb edə bilməz, çünki həmin əsas vəsait ƏDV-dən azad olunan əməliyyat üzrə aparılıb.

Misal 3: ƏDV ödəyicisi olan vergi ödəyicisi lizinq müqaviləsinə uyğun olaraq, qarşı tərəfə əsas vəsait təqdim edib. Həmin əsas vəsait ƏDV ödəyicisi olmayan şəxsdən alındığı üçün ƏDV ödənişi həyata keçirilməyib. Bu halda “lizinq verən” statusunda çıxış edən vergi ödəyicisi lizinq əməliyyatına ƏDV tətbiq etməyəcək.

Misal 4: Vergi ödəyicisi qarşı tərəfdən ƏDV ödəməklə əsas vəsait əldə edib. Bu zaman vergi ödəyicisi lizinq əməliyyatları zamanı həmin vəsaiti hansı tip vergi ödəyicisinə təqdim etməsindən asılı olmayaraq əsas vəsaitin dəyərinə ƏDV tətbiq etməlidir. Təbii ki, lizinq müqaviləsi üzrə yaranan faiz məbləği Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq ƏDV-yə cəlb edilməyəcək.

Bəs nə səbəbdən lizinq müqaviləsi üzrə aktivin ƏDV-yə cəlb edilməsi Vergi Məcəlləsinə daxil edilib?

Vergi ödəyicisi lizinq müqaviləsi üzrə ƏDV ilǝ əldə etdiyi aktivi qarşı tərəfə ƏDV-siz təqdim etdiyi hallarda, lizinq alan şəxsin üzərinə daha çox yük düşürdü. Misal üçün, lizinq verən şəxs 10.000 manata aldığı aktivə görə 1.800 manat məbləğində ƏDV ödəyirdi. Lizinq müqaviləsi üzrə əsas vəsaitlər üzrə məbləğ ƏDV-yə cəlb edilmədiyi üçün həmin ƏDV məbləği aktivin üzərinə gəlinərək 11.800 manata təqdim olunurdu. Bu zaman lizinq alan şəxs ƏDV ödəyicisi olduğu halda, onun üçün lizinq müqaviləsi yox, kredit müqaviləsi ilə əldə etmək daha uyğun olurdu. Yeni dəyişiklikdən sonra ƏDV ödəycisi həmin aktivi 10.000 manat təqdim edəcək, qarşı tərəf də ödədiyi 1.800 manatlıq ƏDV-ni əvəzləşdirmək hüququna malik olacaq.

Vergi orqanı hesab edir ki, aktivlər bank kreditləri hesabına əldə edildiyi halda, həmin aktivlərə görə ödənilən ƏDV məbləğlərini biznes subyektləri əvəzləşdirə bilir və nəticədə maliyyə sektorunda maliyyələşmə alətləri üzrə vergi yükü fərqləri yaranmış olur ki, bu da lizinq bazarının rəqabətliliyinə mənfi təsir göstərir. Vergi orqanının fikrincə, yeni dəyişiklikdən sonra həm lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirmə imkanları yaradılmış olur və lizinq əməliyyatları üzrə ƏDV biznesin xərci olmadığından tərəflərin vergi yükü optimallaşdırılır. Vergi orqanı tərəfindən Mərkəzi Bank və lizinq şirkətləri ilə sözügedən məsələlərin müzakirəsi aparılıb və biznesin maliyyələşmə alətinə müsbət təsir göstərən mexanizm kimi dəstəklənıb. Beləliklə, bu dəyişiklik həm də biznesin maliyyələşməsində maliyyə lizinqi alətinin genişlənməsinə səbəb olacaq.

Vergi orqanın mövqeyindən belə aydın olur ki, dəyişikliyin əsas məqsədi maliyyələşmə alətləri üzrə bərabər vergi rejiminin yaradılması, səmərəliliyin artırılması, ƏDV-nin dəyər zənciri üzrə son istehlakçıya ötürülməsi yolu ilə vergi yükünün azaldılması, biznesə ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ verməklə vergi yükünün optimallaşdırılmasına səbəb olmaqdır.

Sonda bir məsələni qeyd edək ki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsindəki dəyişikliyə əsasən, Nazirlər Kabineti tərəfindən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin siyahısı təsdiq ediləcək. Bunun nəticəsi olaraq, istehsalyönümlü fəaliyyət məqsədləri üçün idxalı ƏDV-dən azad edilmiş lizinq obyeklərinin siyahısının hazırlanması və Nazirlər Kabinetinin 22.04.1998-ci il tarixli qərarının əlavəsində təsdiq edilmiş “Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitǝ aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə Siyahısı”nın təkmilləşdirilməsi nəzərdə tutulur. Bu səbəbdən də Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinin qüvvəyə minməsi Nazirlər Kabineti müvafiq siyahını təsdiq etdikdən sonra baş verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər