26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank dollar kreditləri ilə bağlı tərəddüd edir

Maliyyə Bazarlarına Nəzarət Palatasının “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilə bilər” açıqlamasından sonra parlament də sözügedən məsələyə münasibət bildirdi. Kompensasiyanın verilə bilməsi ilə bağlı nikbin açıqlamalara baxmayaraq, hələ ki Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb.

İqtisadçı Vüqar Bayramov bu barədə şərh verərkən deyib ki, nəinki ikinci devalvasiyadan, elə manatın ilk dəyərsizləşməsindən sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin də təcrübəsini nəzərə alaraq, kreditlərə kompensasiyanın verilməsini hər an gündəmə gətirsə də, təəssüf ki, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir:

“Mərkəzi Bankın bu tərəddüdü bank sektoru üçün ciddi çətinliklər yaratmaqdadır. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar. Əslində, bununla da problemi daha da dərinləşdirirlər. Nəticədə, borcluların banka kreditlərini ödəməməsi getdikcə adiləşir. Devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə Mərkəzi Bank, nə də hələ də yüksək faizlərini saxlayan banklar güzəşt etmədiyindən borcluların çoxunun ödəmə qabiliyyəti pisləşib”.

Ekspert, Mərkəzi Bankın kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdığını qeyd edib:

“Zamanında kompensasiya mexanizmi tətbiq olunsaydı problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Mərkəzi Bank bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, o zaman qısa zamanda kreditlərə kompensasiya verməlidir. Əks halda, iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər