İspaniyanın Multiverse Computing startapı AI xərclərini azaldan texnologiya üçün $570 mln. toplayıb

İspaniyanın Multiverse Computing startapı süni intellekt modellərinin istifadəsini ucuzlaşdıran texnologiyasının inkişafı üçün 570 milyon dollar investisiya cəlb edib. Şirkətin qiymətləndirilməsi 1,7 milyard dollara çatıb. Bu barədə Bloomberg məlumat yayıb.

Maliyyələşdirmə raunduna Forgepoint Capital International, BNPP Solar Impulse Venture Fund və Bullhound Capital rəhbərlik edib. Bununla da Multiverse Computing-in fəaliyyəti dövründə cəlb etdiyi ümumi investisiya həcmi təxminən 800 milyon dollara yüksəlib.

Şirkət CompactifAI adlı texnologiya hazırlayır. Bu texnologiya böyük dil modellərini (LLM) “sıxaraq” onların daha az enerji və hesablama resursu sərf etməsini təmin edir.

Bunun üçün Multiverse Computing kvant hesablamalarında istifadə olunan tenzor şəbəkələri (tensor networks) yanaşmasından istifadə edir. Bu metod böyük həcmdə məlumatların daha səmərəli emalına imkan verir.

Şirkətin məlumatına görə, CompactifAI modellərin ölçüsünü 80–95% azaltmağa imkan verir və bu zaman dəqiqlikdə yalnız minimal itki baş verir.

Məsələn, Llama və Mistral modelləri bu texnologiya sayəsində 4–12 dəfə daha sürətli işləyir, onların istifadəsinin dəyəri isə 50–80% azalır.

Multiverse Computing 2025-ci ilin iyununda da 215 milyon dollar investisiya cəlb etmişdi. Şirkətin öz məlumatına əsasən, 2026-cı ilin birinci rübündə satışlar illik müqayisədə 96 dəfə artıb. Lakin dəqiq maliyyə göstəriciləri açıqlanmayıb. Şirkətin müştəriləri arasında Allianz, Bank of Canada, Bosch və PwC yer alır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər