9 C
Baku
Saturday, April 13, 2024

Mərkəzi Bank hərrac qaydalarını dəyişdi – İndi təkcə banklar deyil, şirkətlər də hərraca girə biləcək!

İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Eyni zamanda inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsi davamlı şəkildə təkmilləşdirilir.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Aparılmış təhlillər göstərir ki, monetar şəraiti və bank sisteminin likvidliyini effektiv tənzimləmək, banklararası pul bazarını daha da aktivləşdirmək, faiz dəhlizinin bu bazarda formalaşan qısamüddətli faizlərə təsirlərini gücləndirmək və manatın qısamüddətli gəlirlik əyrisinin qurulması məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərracların davam etdirilməsi məqsədəuyğundur.

AMB bildirir ki, not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilmişdir.

Qərara alınmışdır ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər.

“Limitlər bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək məqsədilə tətbiq edilir. Qisamüddətli notların həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcəkdir”– deyə, AMB qeyd edir.

Qeyd edilir ki, Mərkəzi Bank notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edəcək. Pul bazarında gedən proseslərdən və Mərkəzi Bankın pul siyasəti hədəflərinə nail olunması vəziyyətindən asılı olaraq Mərkəzi Bankın qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxıla bilər.

Xatırladaq ki, AMB 1 fevral tarixindən not hərraclarını dayandırıb.

Son xəbərlər
Digər xəbərlər