Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Mərkəzi Bankının “Paprec Enerji Azərbaycan”a qarşı iddiasını təmin etməyib.
Banker.az xəbər verir ki, bu barədə Səbail RM-nin qərarında qeyd edilir.
Belə ki, Mərkəzi Bank “Paprec Enerji Azərbaycan” MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini əsas gətirərək cərimə protokolu tərtib etmişdi.
21 iyunda Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə icraata xitam verilib.
İşin qısa nəticəsi kimi qeyd edilib ki, inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilib. Bununla belə, işdən narazı qalan tərəflər qanunvericiliyin tələb etdiyi müddətdə apelyasiyaya şikayət edə bilərlər.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Bərk tullantıların təkrar emal sahəsində Fransa şirkəti “Paprec” hazırda bütün Fransa və İsveçrədə ümumi tullantıların idarəolunması xidmətini həyata keçirir. Qrup Azərbaycanda 2008-ci ildən “Paprec Energy Azerbaijan” MMC adı ilə fəaliyyətə başlayıb və Tullantıdan Enerji Stansiyasını idarə edir. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton məişət tullantısı, o cümlədən 10 min ton tibbi tullantı təşkil edən Bərk məişət tullantılarının yandırılması zavodunun idarəetməsi bu şirkət tərəfindən həyata keçirilir.
Şirkət nə zaman cərimələnir?
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.