ADƏTƏN RƏHBƏRLİYİN verdiyi əmrlər müzakirə olunmur. Lakin biz hamımız insanıq və hətta ən təcrübəli idarəçi belə səhv edə bilər. Əgər müdirinizin haqsız olduğundan əminsinizsə, öz fikrinizi bildirin. “Şüurlu şəkildə tabe olmamaq: mübahisəli göstərişlərə necə reaksiya vermək lazımdır” kitabından götürülmüş bir parçaya nəzər yetirək.
Rəhbərliyə müqavimət göstərmək olarmı? Rəhbərin haqsız olduğunu görürsünüzsə, nə etmək lazımdır? Və ümumiyyətlə ona nə isə sübut etməyə ehtiyac varmı? Bu və digər suallara Executive Coaching & Consulting Associates-in prezidenti Ayra Cheylef “Şüurlu şəkildə tabe olmamaq: mübahisəli göstərişlərə necə reaksiya vermək lazımdır” kitabında cavab verir.
Günlərin birində tələbələrimdən biri mənə yaxınlaşaraq başına gələn hadisəni danışdı. Həmin dövrdə o kollecini təzə bitirmişdir və tibb bacısı kimi işləyirdi. Bir gün xəstəxanaya ürək xəstəliyindən əziyyət çəkən pasient gətirdilər. Həkim xəstəni müayinə etdi və tələb olunan dərman yazdı. Qadın dəhşətə gəldi: o bilirdi ki, ürək xəstəliyindən əziyyət çəkənlərə bu dərmanı qəti şəkildə qəbul etmək olmaz! Bir anlıq özünüzü onun yerinə qoyun. O illərdə demək olar ki, bütün həkimlər kişi idi. Bu həkim çox yaşlı və təcrübəli biri idi. Sosial amillərin təzyiqini hiss edirsiniz?
Qadın etiraf etdi ki, həmin an nəyə görə bu qədər cəsarətli olduğunu özü belə başa düşmür. O həkimə dedi: “Bu dərman xəstənin ölüm səbəbinə ola bilər”.
Sizcə həkim ona nə cavab verdi? O çox qəzəbləndi və yüksək səs tonu ilə cavab verdi: “Sadəcə yerinə yetirin!”.
Belə anda özünüzü necə hiss edərdiniz? Siz təcili yardım bölməsindəsiniz. Siz insanlara yardım göstərməyi seçdiniz. Siz qayğıkeş və professional mütəxəssis olmaq istəyirsiniz. Əgər özünüzə qarşı çıxaraq xəstəyə həmin dərmanı versəniz, o dünyasını dəyişəcək. Nə hiss edərdiniz? Onun ailə üzvlərinin gözlərinə necə baxacaqsınız? Komissiya qarşısında necə cavab verəcəksiniz? İkinci şans olmayacaq. Gözləməyə vaxt yoxdur. Necə hərəkət edərdiniz?
Əslində, ölüm-dirim məsələləri ilə hər gün qarşılaşmırıq. Amma belə hallarda, əmrin kim tərəfindən verilməsindən asılı olmayaraq, məsuliyyət barədə düşünmək lazımıdır.
Sizi yanlış, hətta təhlükəli addım atmağa məcbur edən rəhbərliyin təzyiqi haqqında düşünün. Belə gərgin vəziyyətdə, adətən yaxşı düşünə bilmirik. Tələsməyin. Mövcud vəziyyətdə necə hərəkət edə biləcəyiniz haqda düşünün. Dərindən nəfəs alın. İndi isə təcili yardım bölməsinə qayıdaq.
Tibb bacısının sözlərindən hadisə belə olub: “Mən sistemi quraşdırdım və məhlula həkimin xəstəyə təyin etdiyi dərmanı əlavə etdim. Daha sonra mən həkimi çağırdım və dedim: “Hər şey hazırdır, bircə diyircəyi çevirmək qalıb. Mən bunu edə bilmərəm, çünki bu xəstənin ölümünə səbəb ola bilər. Özünüz edin”. Bu hekayəni dinləyən demək olar ki, hər bir kəs heyran qalıb. Bəlkə də mən belə bir qərarı düşünə bilməzdim. Bu hekayənin sonu nə oldu? Həkim xəstənin vəziyyətini bir daha qiymətləndirərək, digər müalicə variantlarını təhlil etdi və nəticədə, digər bir dərman təyin etdi. Xəstənin vəziyyəti qısa bir zamanda yaxşılaşdı.
Onda problem nədə idi? Həkimin qeyri-peşəkarlığında? Bəlkə də, hə. Gəlin özümüzü həkimin yerinə qoyaq. Ola bilsin ki, o ordinator idi və uzun müddət yuxusuz qalmaq məcburiyyətində olub. Əlbəttə ki, bu onun tamamilə günahsız olması demək deyil. Həkim və zavod direktoru, nəzarətçi və məktəbin müdir müavini, maliyyə direktoru və ya idman məşqçisi – onların hər biri həyatında müəyyən çətin dövrlər yaşayır. Ona görə də “Mən sadəcə mənə verilən tapşırığı yerinə yetirirdim” – bəraət deyil. Bu tibb bacasının hekayəsini yadınızda saxlayın.
Beləliklə, aşağıdakı nəticələrə gələ bilərik:
- Rəhbərin göstərişlərinə qarşı çıxmaq istəyi qəfildən yarana bilər. Bu halda düzgün qərar vermək üçün, səbirli olmağınız lazımdır.
- Qərar qəbul edərkən, ağlınıza, bacarıqlarınıza və dəyərlərinizə dəyər verin.
- Çox vaxt “sözə baxmaq” dan başqa digər variantlar da var, hansılar ki daha yaxşı nəticələr verə bilər.
- Əgər dərindən nəfəs alsaq və bir az düşünsək, alternativ bir yol taparıq.