13 C
Baku
Friday, April 19, 2024

Məqsədyönlü iş üçün 7 ritual

Konsentrasiya olduqca vacibdir. Lakin çox vaxt lazımi məqamlarda diqqətimizi cəmləşdirməkdə çətinlik çəkirik. Və bu halda bizə düzgün rituallar kömək edə bilər. İnsan beyni nəhəng assosiativ maşındır. Neyropsixoloq Donald Hebbin fikrincə, “neyronlar bir-birinə bağlıdırlar və birləşdikdə xüsusi “naxışlar” formalaşdırırlar, təkrarlanan naxışlar isə güclü bağ yaradırlar”.

Beləliklə, əgər tez-tez rituallardan (təkrarlanan hərəkətlərdən) istifadə etsəniz, iş zamanı daha məhsuldar ola biləcəksiniz. Lakin unutmayın ki, bütün rituallar eyni deyil. Bəzən rituallar prokrastinasiya vasitəsinə çevrilirlər.

Yadınızda saxlayın: yaxşı ritual az vaxt alır və konsentrasiyalı olmağa kömək edir.

1. Səs-küyü aradan qaldıran qulaqcıqlar taxın

Qulaqcıq taxmaq iki effekt verir. Birincisi, siz ətrafınızdakı səsləri blok edə bilirsiniz. İkincisi, qulaqcıq sosial baryer yaradır və heç kim sizin diqqətinizi poza bilmir.

Musiqi seçiminə diqqətlə yanaşın. Tədqiqatların birində mətnli mahnıların konsentrasiyanı pozduğu müəyyənləşdirilib. Bu ona görə baş verir ki, insan yaddaşı məhduddur və biz eyni anda fərqli informasiya üzərində fokuslana bilmirik. Bu, verbal tapşırıqların sahəsini xeyli məhdudlaşdırsa da, vizual vəzifələrə (məsələn, incəsənət və ya dizayn) demək olar ki, təsir göstərmir.

2. Bütün bildirişləri söndürün

Yüksək konsentrasiyalı olmaq istəyirsinizsə, diqqətinizi yayındırar bütün faktorların qarşısını almalısınız. Əvvəlcə bunlardan başlayın:

– telefondakı bildirişləri söndürün

– elektron poçt qutusunun bağlı olduğuna əmin olun

– kompüterdəki bildirişləri söndürün

İkinci addım – işə başlamazdan əvvəl telefonunuzu masanın siyirməsinə qoyun. Bəzən telefona baxmaq impulsu başqalarından yox, sizdən asılı olaraq yaranır. Bu səbəbdən elə edin ki, gözünüz onu görməsin.

Bəs dərhal cavab verməyinizi tələb edən mesajlar necə? Burada iki strategiya var:

1) Birincisi – ancaq vacib kanallardan bildirişlər almaq. Nəzərinizdə saxlayın ki, sosial şəbəkələr və təcili olmayan push-bildirişlər yenə də sönülü qalmalıdır.

2) İkincisi – mesajları yoxlamaq üçün vaxt ayırın. Əgər müdiriniz bütün elektron məktublara istisnasız bir saat ərzində cavab verməyinizi tələb edirsə, poçt qutunuzu elə sazlayın ki, ancaq ən vacib məktublar barədə bildiriş alasınız. Beləliklə, konsentrasiyanızı qoruya biləcəksiniz.

3. “Narahat etməyin” tablosundan istifadə edin

Mütləq deyil ki, bu tablo bizim dediyimiz formada olsun – əsas odur ki, ətrafınızdakı insanlar sizin işlə məşğul olduğunuzu başa düşə bilsinlər. Bu, evdən işləyəndə daha aktualdır, çünki hər birimizin həyat yoldaşı, uşaqları və ya diqqətimizi yayındıran digər yaxınları var.

Əgər iş üçün ayrıca bir otağınız varsa, işlədiyinizi göstərmək üçün qapını örtə bilərsiniz. Onlar üçün maneə nə qədər çox olsa, bir o qədər uzun müddət konsentrasiyalı olacaqsınız.

4. İş fəaliyyətinizi planlaşdırın

Bundan əvvəlki üç tövsiyə xarici faktorlara aiddir. Lakin çox vaxt diqqətimizi daxili səbəblərə görə cəmləşdirə bilmirik: narahat oluruq, darıxırıq və ya qarşıdakı çətinliklərə görə qorxuruq.

Mənfi emosiyaların öhdəsindən gəlməyin ən yaxşı yolu iş fəaliyyətini planlaşdırmaqdır. Hal-hazırda nə üzərində işləyirsiniz? Nə qədər müddət bu işlə məşğul olacaqsınız? Hansı addımlar atacaqsınız?

Təsəvvür edin ki, vacib bir əsər üzərində işləyən yazıçısınız və nədən başlamalı olduğunu bilmirsiniz. Nəticədə diqqətiniz tez-tez yayınır və siz prokrastinasiya etməyə başlayırsınız. İndi isə oturub növbəti üç saat üçün bir plan qurduğunuzu təsəvvür edin. Əlavə tədqiqat aparmalısınız? Plan qurmalısınız? İdeyalarınızı qaralamada qeyd etməlisiniz?

Əgər heç bir planınız olmasa, nəyə diqqət etməli olduğunuzu bilməyəcəksiniz və vaxtınızı boş-boşuna xərcləmiş olacaqsınız.

5. Konsentrasiyalı olduğunuz mühitə keçin

Xatirələrin kontekstdən, baxış və vərdişlərin isə ətraf mühitdən asılı olaraq dəyişdiyini yəqin ki, bilirsiniz. Məsələn, soyuducunun yanında acmaq ehtimalı daha yüksəkdir, nəinki avtomobil sükanı arxasında.

Üstəlik, bəzi xatirələr və bacarıqlar yalnız müəyyən kontekstdə əlçatan olurlar. Əgər dərslərin keçirildiyi sinifdə imtahan verirsinizsə, əldə etdiyiniz nəticə daha yaxşı olacaq. Bu səbəbdən həmişə eyni məkanda işləməyiniz məqsədəuyğundur. Əgər hazırkı tapşırığı yerinə yetirmək üçün İnternetə ehtiyacınız yoxdursa, şəbəkəyə çıxışı olmayan otaqlara üstünlük verin.

6. İşə başladığınız vaxtı qeyd edin

Konsentrasiyalı olduğunu vaxtı izləmək – çox vacib addımdır. Bu, Kel Nyuportun təklif etdiyi əsas tətbiqetmədir. Qayda çox sadədir: sadəcə işə başladığınız saatı yazın və bununla da gün ərzindəki iş yükünü tənzimləmiş olacaqsınız.

Unutmayın ki, niyyət – işin yarısıdır və sizi dərhal işə başlamağa sövq edir.

7. Özünüzə diqqətlə yanaşın

Narahatlıq – prokrastinasiyanın əsas səbəbidir. Bir sözlə, qarşıdakı işin xoşunuza gəlməyəcəyini hiss edirsiniz, buna görə fikrinizi dağıtmağa çalışırsınız.

Bəzən narahatlıq özünüz üçün müəyyən etdiyiniz planka ilə əlaqəli olur. Məsələn, daha gözəl esse yazmaq istəyirsiniz, amma heç bir ideyanız yoxdur. Və ya praktiki testdən keçməlisiniz, amma nəzəriyyəni yaxşı mənimsəyə bilmədiyinizi başa düşürsünüz. Bu halda sizə qoyduğunuz plankanı bir az aşağı salmağı tövsiyə edirik. İş bitəndən sonra zibil səbətinə atacağınız qaralama tutun, sadəcə ideyalarınızı formalaşdırın. Yeni fənn öyrənirsinizsə, testdən keçə bilməməkdən qorxmayın.

Çox vaxt irrasional hərəkət edirik. Buna görə bütün gözləntiləri və narahatlıqları əvvəlcədən nəzərə almaq lazımdır. Konsentrasiya üçün uyğun mühit yaradın.

Hansı rituallardan istifadə edirsiniz?

Bütün bu yeddi addım cəmi beş dəqiqə vaxtınızı alacaq. Lakin onlar səmərəli işləməyinizə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Hansı rituallardan istifadə edirsiniz? İş üzərində konsentrasiya olmanıza nə mane olur? Hansı çətinliklərin öhdəsindən gəlmək istərdiniz?

 

Son xəbərlər
Digər xəbərlər