9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank bu həftə uçot faiz dərəcəsinə dair qərar verir – Gözlənti nədir?

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 2021-ci ildə 6-cı dəfə faiz dəhlizinin parametrləri ilə bağlı qərarını verir.

Banker.az xəbər verir ki, bu, həftənin son iş günü, 17 sentyabr 2021-ci il tarixdə gerçəkləşəcək.

Requlyatorun İdarə heyəti cari il üçün uçot dərəcəsi üçün 8 dəfə iclas planlamışdı. Son 5 iclasda gözləmə mövqeyində dayanıb, faiz dəhlizinin parametrlərini dəyişməyib.  Beləliklə, MB-nin uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.

Mərkəzi Bank sonuncu dəfə faiz dəhlizinin parametrlərinə 2020-ci ilin son iclasında (18 dekabr) dəyişiklik edib. Həmin iclasda uçot faiz dərəcəsinin 6.50%-dən 6.25%-ə endirilməsi qərarı qəbul edilmişdi.

Mərkəzi Bankın 30 iyuldakı iclasda sədr Elman Rüstəmov, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya riskləri, bazar iştirakçılarının qiymətqoyma davranışları, inflyasiya gözləntiləri, məcmu tələbin artım tempi nəzərə alınmaqla qəbul ediləcəyini bildirib.

Azərbaycanda inflyasiya riskləri artıq göz önündədir. Məsələn, Dövlət Statistika Komitəsinin son açıqlamasında 2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 4.8 faiz artdığını göstərir. İnflyasiyanı əsas tətikləyən amil isə ərzaq, içki, və tütün məmulatlarının illik 5.4%-də (qida 5.3%, içki 2% və tütün 10.2%-dir) olmasıdır. 2021-ci ildə yanvar ayını (avtomobil yanacaqlarının qiymətləri və suyun qiymətləri artırılmışdı) nəzərə almasaq bu ölkədə ikinci ən sürətli inflyasiya göstəricisidir.

Mərkəzi Bank son iclasda uçot faiz dərəcəsini hələ aylıq cüzi deflyasiyanın müddətində qərar qəbul edib. Məsələn iyul ayında “aylıq deflyasiya ərzaq məhsullarının mövsümi ucuzlaşması hesabına baş vermişdir. İyunda ərzaq məhsulları üzrə qiymət indeksi 1.4% aşağı düşməklə inflyasiyaya azaldıcı təsir etmişdir” deyə qeyd edilir.

Banker.az analitikləri AMB-nin İdarə Heyətinin faiz dərəcəsini nəinki azaltmaq, sabit saxlaması və yüksəltməsi ehtimalının daha çox olduğunu deyir.

AMB-nin son iclasında bu da qeyd edilir ki, monetar şərait ötən iclasdan bəri əhəmiyyətli dəyişməmiş və uçot dərəcəsi neytrala yaxın qalmışdır ki, bu da inflyasiyanın monetar amillərinə nəzarət etməyə imkan verir.

Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Maliyyə sektorunda yüksək likvidlik şəraitində dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalma meylini saxlayır. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməsə də, real faizlər azalmaqdadır.

Ölkədə, avqust ayında yeni cəlb edilmiş depozitlərin manatda orta faiz dərəcəsi aylıq müqayisədə 0.92 faiz bəndi azalmaqla 8.04%-ə, xarici valyutada isə 0.13% bəndi artmaqla 1.19%-ə yüksəlmişdir.

Verilmiş kreditlərdə isə manatda olanların orta faiz dərəcəsi 0.20 faiz bəndi artmaqla 17.58%-ə, xarici valyutada isə 0.30 faiz bəndi azaldılmaqla 5.72%-ə düşüb.

Son xəbərlər
Digər xəbərlər