“Hələ dolların kursu 1,70 civarında qalacaq. Üzən məzənnəyə keçid məsələsini o qədər də dəstəkləmirəm”.
Bunu iqtisadçı-ekspert Elman Sadıqov deyib. Ekspert bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 60-70-ci illərdə Uzaq Şərq ölkələrinə verdiyi konsultasiyalara hansı ölkələr riayət etmədisə, onlar daha çox inkişaf etdilər, nəinki həmin məsləhətlərə gözüyumulu riayət edənlər: “Yəni verilən məsləhətlər öz effektini verməyə də bilər. Bunun tarixdə onlarla nümunəsi var. Bu səbəbdən də üzən məzənnəyə keçidlə bağlı ciddi basqılar olsa da, bu təzyiqlərin qarşısı alınacaq. Çünki Azərbaycan iqtisadiyyatı hələ kövrəkdir və tam olaraq üzən məzənnənin təzyiqinə dözə bilməz”.
Ekspert əlavə edib ki, əgər Mərkəzi Bank üzən məzənnəyə keçsə, dolların məzənnəsi 1,45-1,55-ə düşəcək: “İlkin olaraq bu hamını sevindirsə də, sabah neftin qiymətində volatillik dolların sıçramasına səbəb olacaq. Bu zaman bank sektoru, insanlar, o cümlədən idxal-ixrac sektoru bu ciddi sıçrayışlardan ciddi zərərlər görə bilərlər. Bu səbəbdən Mərkəzi Bank valyuta ehtiyatlarını artırır, nisbi stabillik var, ixracatçılar da öz işlərini kursa uyğun planlaşdırır. Dolların kursunun artması üçün təzyiq yoxdur, əksinə, dollar təklifi çoxdur. Həm tədiyyə, həm də ticarət balansında profsit var. Dolların kursunun aşağı salınması maliyyə sektoruna, ticarətçilərə və xalqa gələcəkdə böyük zərbə vura bilər. Kursu buraxmaq, tam üzən məzənnəyə keçmək lazımdır, təbiidir, amma bunun vaxtı var. Bunun üçün də müəyyən tədbirlər görülməlidir, infrastrukturda fərqli məsələlər həll olmalı, alt baza yaradılmalı, xüsusilə “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır, şəffaflıq təmin olunmalıdır”, – deyə ekspert əlavə edib.
©Finans.az