Azərbaycanda bazar üçün vacib sığortaçılar yeni qayda ilə seçiləcək – Sistem əhəmiyyətlilər hansılardır?

Azərbaycan Mərkəzi Bankı sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi meyarlarını yeniləyib.

Banker.az xəbər verir ki, dəyişiklik Mərkəzi Bankın İdarə Heyətinin 28 iyul 2026-cı il tarixli qərarı ilə təsdiqlənib.

Yeni qaydalara əsasən, sığorta şirkətlərinin sistem əhəmiyyətliliyi altı əsas indikator üzrə qiymətləndiriləcək. Ən böyük xüsusi çəki — 30% — şirkətin cəmi aktivlərinə verilib.

Ölkə daxilindən qəbul edilən təkrarsığorta haqlarının çəkisi 25%, sığortaçının maliyyə institutlarında yerləşdirdiyi aktivlərin çəkisi isə 15% müəyyən edilib.

Qiymətli kağızların dövriyyəsi, sığorta predmetlərinin sayı və sığorta portfelinin çeşidliliyi indikatorlarının hər birinə 10% çəki verilib.

Qiymətləndirmə zamanı əsasən sığortaçının son üç il üzrə göstəricilərinin orta səviyyəsi sığorta bazarının müvafiq göstəriciləri ilə müqayisə ediləcək.

Hesablamanın nəticəsində sistem əhəmiyyətlilik indeksi 15% və ya daha yüksək olan şirkətlər sistem əhəmiyyətli sığortaçı hesab ediləcək.

Üç ildən az fəaliyyət göstərən sığorta şirkətləri üzrə isə şirkətin faktiki fəaliyyət göstərdiyi illərin hesabatları nəzərə alınacaq.

Yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan şirkətlər üçün sığorta predmetlərinin sayı indikatoru tətbiq edilməyəcək və həmin indikatorun 10%-lik çəkisi portfelin çeşidliliyi göstəricisinə əlavə olunacaq.

Mərkəzi Bank sistem əhəmiyyətli sığortaçıların siyahısını hər il sentyabrın 1-dək təsdiqləyəcək. Qərar qəbul edildikdən sonra şirkətlərə beş iş günü ərzində məlumat veriləcək.

Müştərək sığortaçılar isə sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi prosesində iştirak etməyəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər