Qeyri-iş günlərində banklarda əməliyyatlar məhdud olacaq.
Azərbaycan Mərkəzi Bankının iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Mərkəzi Bankdan verilən məlumata görə, iş qrafikinin uzadılması Bakı şəhərində “Formula -1” üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür.
“Formula -1” oyunları ilə bağlı həm Mərkəzi Bankda, həm bank sekorunda iş rejimi dəyişdirilsə də qeyri-iş gunlərində heç də bütün əməliyyatlar aparılmayacaq. Bunu ANS-ə eksklüziv müsahibəsində Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib:
“Nəğd pulla bağlı təchizat məsələsində problem olajaqsa, Mərkəzi Bank bunu təchiz edəcək. Bankların ehtiyajı yaranacaqsa, Mərkəzi Bank onu təchiz edəcək. Amma təsərrüfat subyektləri qeyri-iş günlərində işləmədiyi üçün hesablaşma əməliyyatları aparılmayacaq. İşdən kənar vaxtları nəzərdə tuturam. Onda bank əməliyyatlarına ehtiyac olmayacaq. Sadəcə, rejim gələn qonaqlarla bağlı əməliyyat hissəsinə uyğunlaşdırılacaq”.
Qaldı “Formula -1” yarışı ilə bağlı manatın məzənnəsində hər hansı kəskin dəyişiklik ehtimalına, Alim Quliyev bunu istisna edərək bildirdi ki, bu tədbir manatın dəyərdən düşməsi üçün fundamental əsas deyil.