Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında “Brexit”lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.
Bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd olunub ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.
Sorğuya cavabda bildirilir ki, AMB-nin valyuta ehtiyatları diversifikasiya strategiyasına uyğun olaraq ABŞ dolları, avro, funt sterlinq olmaqla likvid maliyyə alətlərində saxlanılır. Bu baxımdan, Mərkəzi Bankın valyuta ehtiyatlarının böyük əksəriyyəti (85%-dən çox) ABŞ dollarında olduğundan, digər valyutaların ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi nəticəsində əhəmiyyətli məzənnə fərqi yaranmayıb.
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.
publika.az