Heç kimə sirr deyil ki, avqust ayı məzuniyyətə çıxmaq üçün üstünlük verdiyimiz aydır. İl ərzində böyük həvəslə gözlədiyimiz bu məzuniyyəti yadda qalan etmək və istirahətimiz boyunca xoşagəlməz hadisələrdən uzaq olmaq təbii ki, hər birimizin arzusudur. Bu səbəbdən də məzuniyyət planı qurduqda hər şeyin ətraflı düşünülməsi vacib şərtdir. Xüsusilə də, maliyyə məsələlərinin.
Bu səbəbdən də, Banker.az məzuniyyət dövrünüzü problemsiz yaşamaq üçün maliyyə cəhətdən hansı məsələləri necə həll etməli olduğunuzu diqqətinizə çatdırır.
Düzgün planlaşdırılmış büdcə – rahat istirahətin zəmanətidir. Burada bir neçə qaydaya diqqət etmək lazımdır.
Birincisi, təyinat məntəqənizə qədər gediş haqqını dərhal hesablamaq lazımdır. Əksər hallarda, hara getməyinizdən asılı olmayaraq, bir neçə marşrut xətti variantınız var. Əgər bir neçə günlük istirahət planlaşdırırsınızsa, yolun çox səy tələb etməməsinə çalışın. Belə ki, uzaq məsafəli bir neçə günlük turlarda üstünlüyü nisbətən baha başa gəlsə də təyyarə və yaxud qatara vermək lazımdır. Lakin bu planlaşdırma məsələsinə daha tez başlasanız nisbətən ucuz bilet əldə etmək şansınız böyükdür.
Özünüzlə aparacağınız nağd pul və plastik karta gəldikdə isə, məhz olaraq hara yollandığınızı qeyd etmək lazımdır. Səs-küylü meqapolislərdə plastik kart ilə ödənişdə heç bir problem yaşamamalısınız. Yox əgər kiçik qəsəbələrə və yaxud əyalətlərə üz tutacaqsınızsa hər ehtimala qarşı üzərinizdə nağd pulun olması şərtdir.
Bundan əlavə, istənilən halda bütün pulları eyni yerdə saxlamaq lazım deyil, məsələn, pulu nağdlaşdırıb hamısını eyni pulqabıya qoymaq və yaxud iri həcmli pulunuzun hamısını eyni plastik kartda saxlamaq. Qarət olunmaq və yaxud şəxsi əşyaların itirilməsi kimi bədbəxt hadisələr hətta ən gözəl şəhərlərdə və səyahətçilər üçün ən təhlükəsiz ölkələrdə də başınıza gələ bilər.
Yəqin ki, heç kəs əcnəbi ölkədə gözlənilmədən maliyyə çətinliyi ilə üzləşmək istəyər. Bu səbəbdən də, harasa yollandıqda kartınızdakı vəsaitlərdən başqa gözlənilməz hadisələr üçün kifayət qədər nağd pulunuzun, ehtiyat bank kartınızın, oteldə bir qədər pulunuzun olduğunun qeydinə qalın. Bu sizi dünyanın o biri ucunda boş ciblərlə qalmaqdan qoruyacaq.
Qalacağınız yer məsələsinə gəldikdə isə, bu gün rahat şəkildə istirahət etmək üçün məhz olaraq beş ulduzlu otelə çox pul ödəmək mütləqliyi yoxdur. Turistik mühitin inkişaf etməsi sayəsində istənilən yaşayış məntəqəsində münasib qiymətə rahat mini-otel və yaxud mənzil tapmaq mümkündür. Bu məqsəd üçün isə Booking.com. saytı köməyinizə gələ bilər.
Son olaraq onu da qeyd edək ki, məqsədiniz dincəlmək və rahat şəkildə istirahət etməkdirsə qərarınızı oteldən yana etməyiniz məsləhətdir. Qənaətcil səyahət zamanı isə ən doğru variant hosteldir.