Macarıstandan Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 20,1% artaraq 199,6 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 166,2 milyon dollar idi.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Macarıstanın Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 5,2%-dən 5,4%-ə yüksəlib. Macarıstan 2026-cı ilin ilk yarısında Azərbaycana ən çox investisiya yatıran ölkələr arasında altıncı olub.
Macarıstan kapitalının Azərbaycandakı əsas istiqaməti enerji sektorudur. “MOL Group” 2020-ci ildən “Azəri-Çıraq-Günəşli” yatağında 9,57%, Bakı-Tbilisi-Ceyhan kəmərində isə 8,9% paya malikdir. Şirkət bu aktivləri 1,57 milyard dollara əldə etmişdi. 2026-cı ilin iyununda AÇG-dən ilk kommersiya sərbəst qaz hasilatına başlanılıb. Bundan başqa, “MOL” və SOCAR Şamaxı-Qobustan zonasındakı quruda yerləşən sahə üzrə əməkdaşlığı genişləndirib; Macarıstan şirkəti layihədə 65% payla operator kimi çıxış edir.
Digər iri investor “MVM Group”dur. Şirkət 2024-cü ildə “Şahdəniz” qaz-kondensat yatağında 5%, “Azerbaijan Gas Supply Company”də isə 4% pay əldə edib.
“MVM” 2026-cı ildə bərpa olunan enerji sektorunda da Azərbaycan bazarına daxil olub. Şirkət bp-dən Cəbrayılda tikilən 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin 10%-ni alıb. Layihənin ümumi investisiya dəyəri təxminən 200 milyon dollardır.
Qeyri-neft sektorunda isə əsas layihələrdən biri Macarıstanın “HELL Energy” şirkətinin Ələt Azad İqtisadi Zonasında həyata keçirdiyi “Quality Pack Caspian” layihəsidir. Alüminium içki qutularının istehsalı və doldurulması zavoduna nəzərdə tutulan ümumi investisiya 211 milyon dollardır. Müəssisənin illik istehsal gücü 700 milyon qutu olacaq.







