Mayın 4-də Malayziya hökuməti koronovirus pandemiyasına görə vətəndaşların hərəkətinə tətbiq edilən məhdudiyyətləri aradan qaldıracaq.
Bu barədə Malayziyanın Baş Naziri Muhiddin Yassin bəyan edib. Baş Nazir bildirib ki, iqtisadiyyatın bütün sahələri müəyyən şərtlər daxilində fəaliyyətini bərpa edəcək.
Karantin rejimi aradan qaldırıldıqdan sonra insanların gündəlik fəaliyyəti bərpa olunacaq, restoran, kafe və mağazalar, eyni zamanda ictimai nəqliyyat standart rejim üzrə işləməyə başlayacaq. Ölkənin şəhərləri və ştatları arasında hərəkət bərpa ediləcək və vətəndaşların xarici ölkələrə səfərlərinə icazə veriləcək. Bununla yanaşı, insanların kütləvi şəkildə toplandığı tədbirlərin, o cümlədən Ramazan ayı ilə bağlı təşkil edilən ənənəvi bazarların keçirilməsinə icazə verilməyəcək.
Buna baxmayaraq, ölkənin 13 ştatından yeddisinin rəhbərliyi karantin rejiminin aradan qaldırılması barədə qərarın vaxtından əvvəl verildiyini bəyan edərək, onu icra etməyəcəyini bildirib. Kuala Lumpur şəhərinin yerləşdiyi Selanqor ştatının hökuməti bildirib ki, müəssisələrin yalnız bir hissəsi fəaliyyətini bərpa edə bilər. Bundan əlavə, ictimai yerlərdə qida qəbuluna icazə verilmir.
Saravak ştatının administrasiyası da hökumət başçısının qərarını icra etməyəcəyini bəyan edib və bildirib ki, bu qərarın öyrənilməsinə uzun müddət lazımdır. Pahanq ştatının rəhbərliyi isə mərkəzi hökumətin qərarını qəbul etdiyini, lakin karantin rejimini saxlamaq niyyətində olduğunu bəyan edib.
Bununla yanaşı, internetdə karantinin yumşaldılmasının əleyhinə petisiya üçün imzaların toplanması davam edir. Son bir neçə gündə petisiyanın 500 mindən çox imza topladığı bildirilir.
Əlavə olaraq qeyd edək ki, son iki həftədə Malayziyada virusa yoluxma göstəricisi sutkada təqribən 100 nəfər təşkil edib. Ümumilikdə ölkədə 6200-dən çox virusa yoluxma halı qeydə alınıb. Bunların təqribən 70 faizinin sağaldığı, 103 nəfərin isə öldüyü bildirilir.