22 C
Baku
Friday, April 19, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası nə iş görəcək?

Məlum olduğu kimi, ötən gün prezidentin fərmanı ilə Azərbaycanda yeni dövlət qurumu – Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.

Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti palatanın fəaliyyət sahələri haqda açıqlama yayıb.Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq ölkədə qiymətli kağızlar və sığorta bazarlarının, investisiya fondlarının, ödəniş sistemləri və kredit təşkilatlarının, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılmasına, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı Palata, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahələrində fəaliyyəti də əlaqələndirəcək.

Şəffaflılığın təmin edilməsi üçün Palata kollegial prinsiplərlə idarə olunacaq. Bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcək. Fərmana müvafiq olaraq 1 ay ərzində Palatanın nizamnaməsi, strukturu və idarəetmə tərkibi dövlət başçısı tərəfindən müəyyən ediləcək və bu andan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam veriləcək. Bu da, müvafiq sahələrdə vahid tənzimlənmənin davamlı və ardıcıl tətbiqini təmin edəcək.

Maliyyə bazarlarında vahid tənzimləyici yanaşma qlobal maliyyə mərkəzlərində uğurla tətbiq edilir və Palata öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər