20 C
Baku
Thursday, May 2, 2024

Maliyyə Böhranının Bankdan Asılı Debitorlara təsiri

Müəllif: Fariz Hüseynov

Xülasə: Məqalə bankların kapital böhranının onların debitorlarının fəaliyyət nəticələrinə mənfi təsir etdiyini göstərir. Bu məqsədlə 1998-ci il Rusiya böhranının ABŞ bank sisteminə təsirini debitorların kredit tələbini bankların kredit təklifindən ayıraraq təhlil edir.

Açıq borc bazarına əli çatan banklara nisbətən fondları daha çox banklardan əldə edən şirkətlərin dəyəri bu periodda, kapital xərcləri və gəlirləri isə növbəti periodda daha çox azalmışdır. Paralel olaraq böhrandan təsirlənən banklar kreditləri daha çox azaltmış, böhrandan sonra kredit faizlərini daha çox artırmışdır. Məqalənin nəticələri onu göstərir ki, maliyyə sektorunun global inteqrasiyası maliyyə böhranının bank sektoru vasitəsilə bir iqtisadiyyatdan digərinə keçərək geniş yayılmasına təkan verir.

Giriş:

Şirkətlər fond əldə etmək üçün müxtəlif mənbələrə əlləri çatsa böhranlardan bir o qədər yaxşı qoruna bilərlər. Ancaq bazarda informasiya assimetriyası mövcuddursa bank sektorunda baş verəcək böhranın şirkətlərin fəaliyyətinə mənfi təsiri mütləqdir. Bu baxımdan şirkətlərin fəaliyyəti ilə onların əlaqədə olduğu bankların möhkəmliyi arasındakı əlaqə öyrənilməlidir. Bu sahədə edilən araşdırmaların qarşısında duran əsas vəzifə şirkətlərin kreditə olan tələbini bankların kredit təklifindən ayırmaq və kreditorlar debitorun vəziyyətini pisləşdirən səbəbin təklif, yoxsa tələbdən yarandığını ölçməkdir.

Məqalə təklif şokunu ölçmək  üçün 1998-ci ildə Rusiya dövlətinin borc böhranı və  dərhal sonra Braziliyanın kapital bazarlarındakı böhranın ABŞ bank sisteminə təsirindən (ekzogen şok amili) istifadə edir. Hər iki böhran ABŞ banklarının kapital itkisinə səbəb olmuş, nəticədə onların kredit vermə qabiliyyətini azaltmışdır. Böhran açıq borc bazarının normal fəaliyyətini pozmadığı üçün böhranın bankdan asılı şirkətlərlə açıq bazardan borc alan şirkətlərə təsirini ayırmaq mümkündür.  Beləliklə bu iki qrup şirkətlərin bazar dəyərini təhlil etməklə təklif böhranının şirkətlərin dəyəri üzərindəki təsirini hesablamaq mümkündür.

Böhranın bankların mənfəətlərinə təsiri müxtəlif yollarla mümkündür: investisiya portfelində Rusiya dövlət istiqrazlarının olması, kredit portfelində Rusiyalı özəl debitorların olması, törəmə bazarlarında itkilər, LTCM qorunma fonduna verilən kreditlər vəs.  Həqiqətən də FDIC hesabatları göstərir ki, 1998-ci il III rübündə ABŞ bankları xarici investisiya və kredit əməliyyatlarından böyük zərər etmişdir. Bankarın kredit portfelinə və şirkətlərin açıq bazarda istiqraz ixracına baxaraq şirkətlərin bankdan asılı olub olmadığını müəyyən edilmişdir. Təhlillərdə, əsasən, böhrandan (Avqust 1998) 6 ay əvvəl və sonrakı müddətə baxılmışdır.  İlkin təhlillər göstərir ki, bankların kredit portfeli böhrandan dərhal sonra sürətlə kiçilmiş (21-28 faiz) və bu təsir bankdan asılı olan şirkətlərə verilən yeni kreditlərdə daha yüksək olmuşdur. Ancaq şirkətlərin borc bazarında (commercial paper)  bu cür azalma və şok olmayıb.

Məqalə tətbiq etdiyi regressiya tənliyində şirkətin dəyərini (asılı dəyişkən), şirkətin mənfəəti və artım sürəti kimi dəyişkənləri tələb şoku dəyişkənləri, bankın fəaliyyətini ölçən dəyişkənləri isə təklif şoku dəyişkənləri ilə izah etməyə çalışır. Böhranın bankdan asılı şirkətlərə mənfi təsiri 4 müxtəlif yoldan gələ bilər və bu yolların hər biri ölçülməlidir. a) Şirkətin ölçüsü – kiçik və böyük şirkətlər arasında fərqliliklər ola bilər ki, bu regressiya tənliyində kontrol edilməlidir; b)Şirkətin iflas riski – iflas riksi yüksək olan şirkətlər böhrandan daha çox təsirlənir. Bu onların fəaliyyəti, ya da böhranla birbaşa ilə əlaqəli olmaya bilər. Kapital əldə etməkdə olan məhdudiyyətləri keyfiyyətə qaçış və kredit riski amillərindən ayırmaq üçün iflas riski (təhlükə faizi və sərmayənin alım opsiyonu olaraq hesablanması metodlarını tətbiq edərək) ayrıca kontrol edilməlidir; c) Şirkətin böyümə imkanları – Şirkətin böyümə və investisiya potensialının olub olmaması onun kredit tələbini müəyyən edir. Bunun üçün bazar/balans rasyosu və (şirkətin olduğu) sektor sabit əmsallarından istifadə edilir; d) Likvidlik – səhm bazarında likvidlik səhmin qiymətinə təsir edir. Bu təsiri kontrol etmək üçün alış-satış spredindən istifadə olunur. Məqalədə, əsasən, Compustat və CRSP məlumat bazalarından istifadə edilmişdir.

Nəticələr:

Əvvəlcə regressiya tənliyi datanın bütününə tətbiq olunur. Rusiya borc böhranından bir gün əvvəl ilə Braziliya böhranından bir gün sonrakı dövrü əhatə edən 16 günlük periodda bankdan asılı şirkətlərin səhmləri (bundan sonra gəlir/zərər nəticələri veriləndə şirkət sözü şirkətin səhmlərini nəzərdə tutur) orta hesabla 9.23 faiz zərər (gəlir və zərər bazara uyğunlaşdırılmış model ilə hesablanmışdır), onlarla eyni dərəcəli ancaq, əsasən, açıq borc bazarından fond eldə edən (bundan sonra eyni dərəcəli şirkət) şirkətlər isə cəmi 2.02 faiz zərər etmişdir. Reqressiya tənliyi göstərir ki, həcm, borcluluq və bazar/balans (market-to-book) rasyosu kontrol edildikdən sonra bankdan asılı şirkətlər eyni dərəcəli şirkətlərdən 3.61 faiz daha az gəlir əldə etmişdir. İri həcmli və borcluluğu az olan şirkətlərin gəlirləri çox olmuşdur. Digər hesablamalar göstərir ki, yüksək iflas riski, səhmlərinin gəlirliliyinin dəyişkənliyi çox olan və yaxın keçmişdə yüksək gəlirlilik göstərmiş şirkətlər dəyərini ən çox itirmişdir. Alış-satış spredi çox olan (likvidliyi az olan) şirkətlər daha yaxşı nəticə göstərmişdir. Maraqlıdır ki, bu müsbət əlaqə, ancaq şirkətin həcmi modelə daxil olarkən yaranır. Deməli, böyük institusional investorlar böhran ərzində likvid səhmləri tez satırlar ki, mümkün qədər tez nağd əldə etsinlər. Nəticədə likvid səhmlərin dəyəri tez düşür. Böyümə potensialı çox olan şirkətlər arasında bankdan asılı olanlar daha az gəlir əldə etsə də eyni dərəcəli açıq borc bazarında iştirak edən şirkətlər böhran zamanı daha yüksək nəticə göstərir.

Paralel olaraq şirkətlərin fəaliyyətinin nəticələri və investisiya qərarları da təhlil olunur. Bunun üçün kapital xərcləri və fəaliyyət gəlirləri dəyişkənlərindən istifadə olunur. Reqressiya tənliyinin nəticələrinə görə bankdan asılı şirkətlər eyni dərəcəli banklara nəzərən investisiyalarını daha sürətlə azaltmış (22 faiz) və fəaliyyət gəlirləri daha çox azalmışdır (67 faiz).

Böhran ərəfəsində ABŞ  Mərkəzi Bankı (FED) bazara maliyyə dəstəyi vermək məqsədilə  faizləri azaltmışdır. Bu günlər ərzində bazarın təhlili göstərir ki, bankdan asılı şirkətlər eyni dərəcəli şirkətlərdən 0.65-1.1 faiz daha çox gəlir əldə edirlər. Beləliklə, bankdan asılı şirkətin dəyəri bank sektorunun maliyyə təhlükəsizliyindən və borcvermə qabiliyyətindən daha çox asılıdır.

Növbəti tənlikdə banklar böhranın onlara təsir dərəcəsinə görə ayrılmış və böhranın çox təsir etdiyi bankların debitorları böhranın təsir etmədiyi bankların debitorları ilə müqaisə edilmişdir. Bunun üçün bankların maliyyə hesabatlarına baxılaraq onların Rusiya böhranına olan ekspozisiya dərəcəsi ölçülür.  Burada iki dəyişkən isfitadə olunur – bankların sildikləri xarici borcların və müddəti keçmiş xarici borcların həcmi. Nəticələr göstərir ki, böhranın olduğu 1993-cü ilin III rübündə əvvəlki 4 rübün orta dəyərinə nisbətən 200 faiz çox borc silinmişdir. Böhranın təsirinə məruz qalan bankların debitorları (daha doğrusu səhmləri) böhranın təsir etmədiyi bankların debitorlarından daha çox dəyər itirmiş və 3.54 faiz az gəlir əldə etmişdir. Bu nəticə onu göstərir ki, qlobal maliyyə bazarında bir ölkədə baş verən böhran digərinə bank sektoru vasitəsilə təsir edir.

Axırıncı testdə, müəlliflər böhran ərəfəsində bankların kredit vermə davranışını  təhlil edir. Bu məqsədlə böhranın təsir etdiyi bankların  ümümi kredit həcmi və faiz spredinin (margin) böhranın təsir etmədiyi banklarla adekvat göstəriciləri ilə müqaisə edilir. Nəticələr göstərir ki, böhranın təsir etdiyi banklar faiz spredini 24 faiz artırmış və kredit həcmini sürətlə azaltmışdır.


Nəticə:

1998 Rusiya böhranı ərəfəsində  ABŞ bankları və onların debitorlarının bazar dəyəri təhlil edilmiş və müəyyən olunmuşdur ki, kredit bazarında əsas problem tələbin deyil, təklifin çatişmazlığı olmuşdur. Böhranın təsir etdiyi banklar kredit həcmini sürətlə azaltmış  və kredit spredini artırmışdır. Eyni zamanda, nəticələr göstərir ki, fondlarını əsasən bank sektorundan əldə edən şirkətlər bank sektorundakı mümkün böhranın mənfi təsirlərinə daha çox məruz qalır. Bu şirkətlər arasında maliyyə dözümlülüyü (flexibility) az olan şirkətlər daha çox problemlə üzləşmiş və investisiyalarını azaltmalı olmuşlar.  Nəticələr göstərir ki, şirkətlərin fond əld əetməsində korporativ istiqraz bazarı mühüm rol oynayır və onların bank sektorunda baş verə biləcək böhrandan qorunmasına kömək edir. Korporativ istiqraz bazarı şirkətlər üçün, bir növ təkəri partlayan maşın üçün baqajda saxlanılan əlavə təkər rolunu oynayır. Bank sektorunda baş verə biləcək böhranın ölkə iqtisadiyyatı və real sektoru üzərində mənfi təsirlərini azaltmaq üçün korporativ istiqraz bazarını inkişaf etdirmək çox vacibdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər