24 C
Baku
Thursday, April 18, 2024

Maliyyə naziri sığorta bazarından danışdı

Azərbaycanın sığorta şirkətləri artıq daxili bazarda xarici sığortaçılarla rəqabət apara bilərlər. Bu barədə cümə axşamı ölkənin maliyyə naziri Samir Şərifov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın sığorta bazarı açıqdır və xarici investorlar istəsələr, bu bazara daxil ola bilərlər: “Sığorta şirkətlərimiz artıq kifayət qədər təcrübə toplayıblar və ixtisaslaşmış mütəxəssislərə malikdirlər. Ona görə onlar daxili bazarda xarici sığortaçılarla rəqabət apara bilərlər”.

Bununla əlaqədar 2017-ci ildə Azərbaycanın sığorta bazarında xarici kapitalın iştirakının limiti tamamilə aradan qaldırılacaq.

Maliyyə Nazirliyinin qərarı ilə Azərbaycanda çalışan sığorta şirkətlərinin nizamnamə kapitalının ümumi həcmində xarici kapitalın iştirakının maksimum limitinin müəyyən edilməsi və payının hesablanması qaydalarında müvafiq düzəlişlər edilib. Düzəlişlərin mətni cümə axşamı Maliyyə Nazirliyinin saytında dərc olunub.

Hazırda Azərbaycanın sığorta bazarında xarici kapitalın payı 10 faizi ötmür, sığorta şirkətlərinin nizamnamə kapitalının ümumi həcmində xarici kapitalın iştirakının maksimum limiti 30 faiz təşkil edir.

Düzəlişlərə görə, bu limit 2015-ci il yanvarın 1-dək 50 faiz səviyyəsində saxlanılacaq, 2015-ci ildən 70 faizədək, 2016-cı il yanvarın birindən 85 faizədək, 2017-ci il yanvarın birindən isə 100 faizədək artırılacaq.

Bununla yanaşı bundan sonra əcnəbi fiziki və hüquqi şəxslərin bazara çıxışı olacaq, halbuki indiyədək əcnəbi sığortaçılar belə hüquqa malik idilər.

Qeyd edək ki, 2008-ci ilədək xarici kapitalın iştirak payı bir şirkətin kapitalında 49 faizi ötə bilməzdi. Lakin bu ilin martında “Sığorta fəaliyyəti haqqında” qanun qüvvəyə mindikdən sonra bütün sığorta bazarının ümumi kapitalına limit təyin edilir. Bu o deməkdir ki, 100 faizlik xarici kapitala malik şirkətin yaradılmasına məhdudiyyət aradan qaldırılır. Kvotanın tükənməsi bazara əcnəbilərin girişinə real təsir vasitəsi ola bilər.

AzNews.az

Son xəbərlər
Digər xəbərlər