20 C
Baku
Sunday, May 26, 2024

“Manatı ucuzlaşdırmaq lazımdır”

Samir Əliyev: “Milli valyutamızın baha olması qonşularımızla ticarətdə mənfi saldonun yaranmasına səbəb olub”

Hələ avqust ayında ABŞ investisiya bankı olan «Goldman Sachs»ın analitikləri 1 avronun 1,15 dollara qədər enəcəyini proqnozlaşdırmışdılar. «Goldman Sachs» bundan öncə qızıl və dəmir filizinin qiyməti ilə bağlı proqnozlar verməklə dünyanın ilk onluğuna daxil olmuşdu.

Rusiyanın «Arikapital» Menegment şirkətinin baş direktoru Aleksey Teryakov «Vedemotsi» qəzetinə açıqlamasında bildirib ki, «sözgedən Amerika şirkətinin proqnozlarına əsaslansaq, o zaman rublun taleyini bölüşəcək dünya valyutaları çox olacaq. Artıq valyutaların dəyişməsi Amerika iqtisadiyyatından daha çox asılı olacaq, nəinki yerli amillərin təsirindən».

Teryakov dolların digər valyutalar qarşısında bahalaşmasını üç amillə bağlayır. Birincisi, ABŞ iqtisadiyyatının artım tempinin yüksəlməsi və ÜDM-in artımıdır. Həmçinin növbəti illərdə ÜDM-də artım tempinin Avropanın iqtisadiyyatına nisbətən yüksək olacağı barədə proqnozlardır.

Analitik bildirir ki, maliyyə böhranından sonra ABŞ dolları ucuzlaşdırmaqla yaranmış krizisdən çıxdı. İstehlak sektorunun borc probleminin həllində artıq pul dövriyyəyə buraxılmasına baxmayaraq, bu, yüksək inflyasiya təzyiqi yaratmadı. Pul dövriyyəsi dolların bahalaşmasında rol oynasa da, onların şist və neft hasilatına başlamaları başlıca amil oldu. Gündəlik neft hasilatını 1 milyon barel artırdılar ki, bu, dünya xəritəsində yeni neft gücünun yaranmasına işarə oldu. Təbii qaz və xam neftin hasilatında Səudiyyə Ərəbistanı və Rusiyanı belə üstələməklə dünyada ilk pillədə qərarlaşıb. Bu tempin 2019-cu ilə qədər davam edəcəyi proqnozlaşdırılır. Bununla ABŞ kimya sənayesində investisiyaların artımına və yarım milyon iş yerinin açılmasına təkan verdi.

Baş menecment dolların bahalaşmasına təsir göstərən ikinci amil kimi faiz dərəcələrinin güclənməsini görür. Artıq gələn ildən FED faiz dərəcələrinin artırılacağı ilə bağlı açıqlamalar prosesə təsir göstərir. Uçot dərəcələrini isə daha bir neçə ilə sıfır ətrafında saxlamağa məcbur olacaqlar. Teryakovun açıqlamasına görə, FED -in pul siyasəti uzun müddət yumşaq qalacaq, lakin hər il 1 faiz bənd artırmaq zərər verməz.

ABŞ valyutasının böyük uğuruna üçüncü səbəb isə xarici investisiyaların artmasıdır. Avropa istiqrazlarının aşağı gəlirliliyi investorların Amerikanın qiymətli kağızlarına yatırımlarını artırıb.

Əlbəttə, dolların bahalaşması və neftin ucuzlaşmasından Azərbaycanın da itirəcəkləri az olmayacaq. Neft gəlirlərinin azalması fonunda Azərbaycan Mərkəzi Bankı manatın kursunu sabit saxlamaq üçün rezervlərini xərcləməli olacaq. Burada vəziyyətdən çıxış yolu ya manatın məzənnəsinin dollara nisbətən aşağı salınması, ya da dövlət rezervlərinin istifadəsidir. Bunun hansı daha sərfəlidir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Bizim Yol”a şərhində hər iki variantın təhlükəli tərəflərinin olduğunu bildirdi: “2009-cu ildə qlobal maliyyə böhranını nəzərə almasaq, ondan sonrakı dövrlərdə manatın bahalaşması problemi yaşanıb. Mərkəzi Bank öz valyuta ehtiyatlarını bazara yönəldib ki, manatın bahalaşmasının qarşısını alsın. Əsas məqsəd ondan ibarətdir ki, manatın kursunu saxlamaq olsun. İl ərzində manatın dollara nisbətən bahalaşması 0,2-0,3 faiz civarında dəyişir”.

Ekspertin fikrincə, dünyada baş verən proseslər manat üçün əlavə təzyiqlər yaradır: “Bir tərəfdən dollar dünyanın başqa valyutalarına nisbətən bahalaşır. Dollar bahalaşdığına görə neft ucuzlaşır. Dolların bahalaşması manat üçün əlavə təzyiq deməkdir. Həmçinin Azərbaycan neft ölkəsidir və onun qiymətinin dəyişməsi ölkə iqtisadiyyatına birbaşa təsir göstərir. Bu vaxta qədər neftin qiyməti Azərbaycan hökuməti üçün əlverişli idi. Burada həm büdcə, həm də ölkəyə pul axını baxımından nəzərdə tuturam. Ona görə də neft və dollar ətrafında baş verən proseslər gələcəkdə manat üçün problemlər yarada bilər. Lakin qısa müddət üçün manatın ucuzlaşması gözlənilmir. Hətta neftin 1 barelinin qiyməti 80 dollara düşsə belə, Mərkəzi Bank bir müddət manatın ucuzlaşmasına imkan verməyəcək. Öz valyutası hesabına bunu saxlamağa çalışacaq. Əgər neftin qiyməti 2015-2016-cı illərdə 60-80 dollar səviyyəsində olarsa, bu, artıq manat üçün çox artıq problem yaradacaq. “Qara qızıl”ın dəyəri 90 dollar səviyyəsində qalarsa, ciddi çətinliklər olmayacaq. Yəni bu həddə olarsa, Mərkəzi Bank gələn ildən başlayaraq, manatın kursunun dəyişməsi ilə bağlı qərar qəbul edə bilər. Cüzi də olsa, milli valyutanın dəyərini ucuzlaşdırmaq mümkündür. Amma indiki vəziyyətdə manata təhlükə yoxdur.

Gələn il isə büdcəmiz üçün iki böyük xərc var: seçkilər və olimpiya oyunları. Hazırda diqqətdə olan məqamlardan biri büdcədə neftin barelinin nə qədərdən götürülməsidir. Gəlirlər hissəsində yəqin ki, 90 dollardan götürəcəklər. “Qara qızıl” 80 dollara qədər düşərsə, o zaman gəlirlər hissəsinin icrasında böyük problemlər yaşanacaq. Bu, avtomatik olaraq ÜDM-in, büdcə xərclərinin azalmasına gətirib çıxaracaq. Büdcə xərclərinin azalması iş yerlərinin azalmasına səbəb ola bilər. Bu gün muzdlu işçilərin 70 faizi dövlət müəssisələrində çalışır. Çox güman ki, bu istiqamətdə ixtisarlar aparılacaq”.

Bu səbəbdən iqtisadçı manata təhlükəni dolların bahalaşması deyil, neftin ucuzlaşmasında görür: “Son illər manata olan inam artıb. Milli valyuta ilə kredit və əmanət qoyuluşları artıb. Manatın hazırkı kursu əhalinin gəlirlərindəki inflyasiyanı qoruyur. Yəni əhalinin aldığı maaş dəyərdən düşmür.

Bu gün Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını özü üçün prioritet götürüb. Qeyri-neft sektorunun inkişafı isə ixrac potensialının artımından asılıdır. Bizim ixracımızın 95 faizə yaxınını neft və neft məhsulları təşkil edir. Qeyri-neft sektorunda ixracı artırmaq üçün manatın ucuzlaşdırılması lazımdır. Buna görə Mərkəzi Bank hər il manatın az-az ucuzlaşdırılması siyasətini həyata keçirməlidir. Bu gün kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı artıb. Amma rublun dəyəri aşağı düşür. Bizim məhsullar həmin bazar üçün baha başa gəlir. Ona görə də manatın təqribən 4-5 faiz ucuzlaşdırılması siyasəti aparılmaqla ixracı stimullaşdırmaq olar. Amma bir problem var. Kiçik və orta sahibkarlıq yaxşı inkişaf etməyib, rəqabət böyük müəssisələrin çiynindədir, güclü monopoliya var. Belə olan halda, manatın ucuzlaşdırılması güclü inflyasiya yarada bilər. O baxımdan milli valyutanın dəyərinin aşağı salınması ölkəmiz üçün böyük bir təhlükədir”.

S.Əliyevin sözlərinə görə, neftin qiyməti kəskin şəkildə ucuzlaşacaqsa, Mərkəzi Bank manatın qarşısını ala bilməyəcək: “Manatın ucuzlaşması hansı təhlükələri yarada bilər? Onsuz da baha olan kredit faizlərinin və əmanətlərin bir qədər də bahalaşmasına gətirib çıxaracaq. İnflyasiya səviyyəsi yüksələcək. Manatın iqtisadiyyatın sabit olduğu bir dövrdə yumşaldılmasının tərəfdarı olmuşuq. İndi isə neftin ucuzlaşması və manatın devalvasiyaya gedilməsi arzuolunmaz vəziyyətlərə gətirib çıxara bilər. Hökumət bunları diqqətlə düşünməlidir. Valyutamızın baha olması qonşularımızla ticarətdə mənfi saldonun yaranmasına səbəb olub. Mən hökumətimizin hər il az da olsa, milli valyutanın yumşaltmasının tərəfdarıyam”.

BizimYol

Son xəbərlər
 ⁠
Digər xəbərlər