3 C
Baku
Tuesday, February 27, 2024

“Mercedes” qlobal qıtlığa görə daha bahalı çiplərdən istifadə edəcək

“Daimler” şirkətinin (“Mercedes-Benz” avtomobillərini istehsal edən konsern) rəhbəri Ola Kallenius bildirib ki, yarımkeçirici komponentlər bazarında qlobal böhran səbəbindən istehsalçı məhsullarını yeniləmək məcburiyyətindədir.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, qlobal çip çatışmazlığı sənaye üçün ciddi sınaq olub.

“Bloomberg”in vurğuladığı kimi, “Mercedes-Benz” 2017-ci ildən Amerikanın “NVIDIA” şirkəti ilə birlikdə məlumat-əyləncə və avtomobil idarəetmə sistemləri üçün platformalar üzərində işləyir.

Buna baxmayaraq, konsern ən sadə komponent olan çiplərin çatışmazlığı ilə üzləşib. “Bunlar ən ucuz və ən sadə komponentlərdir. Ən böyük problem avtomobil qapılarını açmaq və bağlamaq üçün istifadə olunan ucuz qiymətli çiplərdir. Buna görə də, şirkət onları daha bahalı versiyalarla əvəz etməyə məcburdur”, – deyə Ola Kallenius söyləyib.

Onun sözlərinə görə, indi avtokonsern çip istehsalçıları ilə birlikdə bəzi köhnəlmiş komponentləri daha müasir versiyalarla əvəz etməyə çalışır. Kallenius bütün böyük avtomobil istehsalçılarının oxşar addımlar atdığını qeyd edib.

“Gəlin etiraf edək ki, bu qeyri-sabitlik yox olana qədər qeyri-müəyyənlik şəraitində yaşamalı olacağıq. Müştərilərin çoxu bizi başa düşür – onlar da xəbərləri oxuyurlar və nəyin baş verdiyini bilirlər”, – deyə “Daimler”in rəhbəri əlavə edib.

Xatırladaq ki, “Volkswagen”in avtomobil istehsalı çip çatışmazlığı probleminə görə son 60 ilin minimumuna düşüb.

Son xəbərlər
Digər xəbərlər