“Microsoft”un səhmləri 2008-ci il maliyyə böhranından bəri ən pis aylıq nəticəsinə doğru irəliləyir. İyunun əvvəlində şirkətin səhmləri 20%-dən çox ucuzlaşmışdı ki, bu da 2000-ci ilin dekabrından bəri ən zəif göstərici ola bilərdi. Lakin cümə və bazar ertəsi baş verən iki günlük bərpadan sonra (bu gün səhmlər 1,8%-dək yüksəlmişdi) şirkət ayı daha az dramatik nəticə ilə başa vurmağa yaxınlaşır, “Bloomberg” yazır. Bu satış dalğası bir ay ərzində şirkətə 530 milyard dollardan çox bazar dəyərinə başa gəlib.
İki əsas narahatlıq mənbəyi
İnvestorları eyni vaxtda iki məsələ narahat edir: “Microsoft”un süni intellekt infrastrukturu üçün çəkdiyi nəhəng xərclərin özünü doğruldub-doğrultmayacağı və süni intellektin şirkətin ənənəvi məhsullarına – Word, Excel və digər ofis proqramlarına olan tələbi zəiflədib-zəiflətməyəcəyi.
“Microsoft iki tərəfdən təzyiq altındadır… İnvestorlar əvvəlcə satır, sonra sual verirlər”, – deyə “Cresset Wealth Advisors” fondunun baş investisiya strateqi (fondun portfelində “Microsoft” səhmləri də var) Cek Eblin bazardakı əhval-ruhiyyəni təsvir edib.
Narahatlıq aprelin sonunda “Microsoft”un “Azure” bulud biznesində artım tempinin üçüncü maliyyə rübündə zəiflədiyini açıqlamasından və bu il üçün 190 milyard dollarlıq kapital xərcləri proqnozlaşdırmasından sonra daha da güclənib. Bu göstərici bazarın gözləntilərini üstələyib.
Satış fonunda “Microsoft”un səhmləri proqnozlaşdırılan mənfəətin 19 qatı səviyyəsində qiymətləndirilir. Bu, həm bazarın ümumi göstəricisindən (S&P 500 üçün 20 qat), həm də şirkətin son onillik üzrə orta göstəricisindən (27 qat) aşağıdır.
İyundakı geriləmə əslində yanvar ayında başlayan tendensiyanın davamıdır. Həmin vaxt kapital xərclərinin bir rübdə 37,5 milyard dollara (illik müqayisədə 66% artım) yüksəlməsi ilə bağlı hesabat Microsoft-un kapitallaşmasını bir ticarət sessiyasında 360 milyard dollar azaltmışdı. “Financial Times” yazırdı ki, bu, şirkət üçün 2020-ci ilin sentyabrından bəri ən zəif gün olmuşdu.
2026-cı ilin əvvəlindən bəri “Microsoft”un səhmləri dəyərinin təxminən dörddə birini itirib.
Kimlər bərpaya inanır?
Səhmlərin ucuzlaşmasından istifadə edənlərdən biri də 2008-ci il böhranından əvvəl ABŞ daşınmaz əmlak bazarına qarşı etdiyi uğurlu mərc ilə tanınan investor, Maykl Byurri olub.
O, cümə axşamı “Substack” bloqunda “Microsoft” səhmləri üzrə təxminən 700 dollar strayk qiyməti və 2028-ci il icra müddəti olan alış opsionları aldığını açıqlayıb.
Bu xəbərdən sonra “Microsoft”un səhmləri cümə günü 5,7% artaraq 372,97 dollara yüksəlib ki, bu da 2025-ci ilin mayından bəri ən yaxşı günlük nəticə olub.
Birja fondu olan “Fitz-Gerald Must Have Portfolio ETF”nin portfel meneceri Keith Fitz-Gerald hazırkı qiyməti alış üçün əlverişli səviyyə hesab edir. Bununla belə, o da etiraf edir ki, bazarın “Microsoft”un süni intellektə yatırdığı investisiyaların özünü doğruldub-doğrultmayacağını müəyyən etməsi üçün hələ uzun müddət lazım olacaq.







