7 C
Baku
Thursday, December 12, 2024

“Mikro, kiçik və orta sahibkarlar üçün yeni dəstək mexanizmləri tətbiq olunacaq”-Müsahibə

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun müsahibəsi

– Orxan müəllim, KOBİA iki ilə yaxındır ki, fəaliyyət göstərir. İstərdik müsahibəmizə ötən müddət ərzində Agentliyin gördüyü işlər barədə qısa məlumat verməklə başlayasınız. Ötən 2 il necə keçib?

– Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub və bu prosesin əsas istiqamətləri sırasında kiçik və orta sahibkarlığın inkişafı, onun iqtisadiyyatda rolunun artırılması prioritet kimi müəyyən edilib. Ölkəmizdə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlət başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentlik fəaliyyətə demək olar ki, ötən ilin iyun ayında nizamnaməsinin və strukturunun təsdiq olunması ilə başlayıb. KOBİA yaradılarkən qarşıya qoyulmuş başlıca məqsəd ölkədə mikro, kiçik və orta biznesin inkişafına dəstək olmaq, iqtisadiyyatın inkişafında KOB-ların rolunu artırmaq olub. Bu hədəflərə çatmaq üçün Agentlik biznes mühitinin yaxşılaşdırılmasında iştirak, biznesə dövlət xidmətlərinin yaxşılaşdırılması və KOB maraqlarının müdafiəsi, KOB-ların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışın yaxşılaşdırılması kimi 5 əsas istiqamətdə fəaliyyət göstərir. Qeyd olunan məqsədlərə çatmaq üçün KOBİA sahibkarlarla 4 növ təmas platforması vasitəsilə ünsiyyətdə olmağı hədəfləyir. Bunlar ərazi üzrə “KOB Dostu” şəbəkəsi və KOB İnkişaf Mərkəzləri, sektoral olaraq sahəvi assosiasiyalar, fokus qruplar və KOB klaster şirkətləri, bir məkan prinsipi üzrə KOB evləri, eləcə də elektron platforma çərçivəsində E-KOB evi portalıdır. Bu mexanizmlərin bir neçəsi artıq KOB-ların xidmətindədir. Digər dəstək mexanizmlərinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir və yaxın vaxtlarda sahibkarlar bu mexanizmlərdən də yararlana biləcəklər. Qısa desək, hazırda KOBİA mikro, kiçik vә orta biznesin yaradılmasından başlayaraq, sahibkarlıq fәaliyyәtinin genişlәndirilmәsinə qәdәr olan bütün mәrhәlәlәrdә dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi xidmətlər çərçivəsində KOB-lara dəstək göstərir, bu sahədə dövlət qurumları ilə sahibkarlar arasında körpü rolunu oynayır.

Agentlik ötən müddət ərzində KOB sektorunda qanunvericiliyin təkmilləşdirilməsi prosesində aktiv iştirak edib və KOBİA-nın bu istiqamətdə irəli sürdüyü bir sıra təkliflər nəzərə alınıb. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, ötən müddət ərzində Azərbaycanda KOB sahəsində qanunvericiliyə bir çox dəyişikliklər olunub, onlar üçün güzəşt və imtiyazlar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları təsdiq olunub. Vergi Məcəlləsində KOB-lar üçün bir sıra güzəştlər edilib, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, KOB-ların dövlət satınalmalarında iştirak imkanları genişləndirilib.

Orxan Məmmədov1Ümumilikdə, KOBİA tərəfindən ölkədə KOB-ların fəaliyyətini təşviq edən və özündə dövlətin müxtəlif dəstək mexanizmlərini nəzərdə tutan 21 sənəd layihəsi hazırlanıb. Agentlik tərəfindən ötən müddətdə mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Bakıda və ölkə regionlarında yeni biznes layihələrinin reallaşdırılmasına KOBİA tərəfindən müvafiq dəstək göstərilib.

KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində KOB-lara dəstək göstərir ki, bunlardan biri də sahibkarların ixtisaslaşmış sərgilərdə təmənnasız olaraq iştirakının təmin edilməsidir. Bu dəstək çərçivəsində KOB-lar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edir, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar. İndiyədək KOBİA-nın dəstəyi ilə startaplar, mikro və kiçik sahibkarlar Qida Sənayesi, İKT, Hədiyyələr və Promo Məhsulları, Təhsil və Karyera, Tikinti, Ekologiya sərgilərində, “Organic Food Festivalı 2019″da və s. iştirak ediblər. Qeyd edim ki, bu dəstəkdən indiyədək xeyli sayda mikro və kiçik sahibkar yararlanıb. KOBİA tərəfindən belə sərgilərin nəticələrinin qiymətləndirilməsi göstərir ki, ixtisaslaşmış sərgilər mikro və kiçik sahibkarların özlərini tanıtması, yeni əlaqələr qurması və satış imkanlarını genişləndirməsi üçün faydalı və əhəmiyyətlidir. Bu yaxınlarda isə KOBİA-nın və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə Dubayda “Global Village” Beynəlxalq Yarmarkasında ilk dəfə olaraq Azərbaycan pavilyonu açılıb. Burada kiçik və orta shibkarların da olduğu 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları nümayiş olunur və satışı həyata keçirilir. Ötən müddət ərzində KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində də bir çox tədbir və layihələr reallaşdırıb.

– KOBİA-nın ölkənin bir çox regionlarında KOB dostları fəaliyyət göstərir. Növbəti “KOB Dostu” hansı rayonda yaradılacaq?

– KOBİA-nın başlıca və effektiv dəstək mexanizmlərindən biri də hazırda ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən 18 “KOB Dostu”ndan ibarət şəbəkədir. Ümumiyyətlə, sahibkarın dostu olmaq Agentliyin əsas məqsədidir və bu hədəfin reallaşdırılmasında “KOB Dostu” önəmli mexanizmlərdəndir. KOB dostları həm də Agentliyin yerlərdəki nümayəndələridir.

Dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşdırılan “KOB Dostu” fəaliyyət göstərdiyi yerlərdə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və həyata keçirilməsi, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların maraqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək olur. KOB dostları zəruri hallarda sahibkarlara səyyar xidmətlər göstərir, onların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir.

Təkcə 2019-cu ilin ötən dövründə Abşeron, Sumqayıt, Şəki, Qəbələ, Füzuli, Şamaxı, İmişli, Şəmkir, Bakının Xəzər rayonu və Baş Gömrük İdarəsində olmaqla 10 “KOB Dostu” fəaliyyətə başlayıb. Növbəti KOB dostlarının Aran və Lənkəran iqtisadi rayonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.

– Hansı bölgələrdən “KOB Dostu”nun yaradılması ilə bağlı daha çox müraciətlər gəlir? Gələcəkdə bu şəbəkə nə cür genişləndiriləcək?

– “KOB Dostu” şəbəkəsi və bu mexanizm çərçivəsində indiyədək bir sıra önəmli layihələr və tədbirlər həyata keçirilib. Mexanizmin nə qədər effektiv olması barədə ictimaiyyətin məlumatlandırılması baxımından həmin tədbirlərin bəzilərini diqqətə çatdırmaq istərdim.

İlk olaraq KOB dostları fəaliyyət göstərdikləri şəhər və rayonlarda sahibkarların maraqlarının müdafiəsində, onların qarşılaşdığı çətinliklərin həllində, lazım gəldikdə müraciətin yerində araşdırılmasında önəmli rol oynayır. İlk “KOB Dostu”nun fəaliyyətə başladığı 2018-ci ilin sentyabr ayından indiyədək KOB dostlarına sahibkarlardan bir çox müraciət və təkliflər daxil olub. Bu müraciətlər əsasən biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstəyi mexanizmlərinə çıxış, maliyyələşdirmə, maarifləndirmə və s. məsələlərlə bağlı olub. “KOB Dostu”na edilmiş bütün müraciətlər araşdırılır və Agentliyin səlahiyyətləri çərçivəsində sahibkarlara lazımi dəstək göstərilir və ya müvafiq qurumlarla əlaqələndirilir. 2019-cu ilin noyabrın 1-dək “KOB Dostu” şəbəkəsi vasitəsilə Agentliyə daxil olmuş müraciətlərin 22,3%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 22%-i maliyyə resurslarına çıxış, 47%-i maraqların müdafiəsi, 8,7%-i maarifləndirmə məsələləri ilə bağlı olub.

Sahibkarların müvafiq sahədə qanunvericilikdə edilən dəyişikliklər, KOB-lar üçün mövcud və yeni dəstək mexanizmləri barədə məlumatlandırılması və maarifləndirilməsində, onlara dəstək məqsədilə regionlarda həyata keçirilən müxtəlif layihələrin icrasında, informasiya və məsləhət xidmətlərinin göstərilməsində “KOB Dostu” mexanizmi olduqca effektivdir. Ötən müddət ərzində KOB dostlarına edilmiş müraciətlər əsasında bir sıra şəhər və rayonlarda yeni biznes layihələri də reallaşdırılıb.

“KOB Dostu” mexanizminin effektivliyini sahibkarlardan daxil olan müsbət reaksiyalardan da görmək mümkündür.

KOB dostları tərəfindən həyata keçirilən bu və digər tədbirlər “KOB Dostu” mexanizminə marağı artırır və müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlardan həmin bölgədə də “KOB Dostu”nun fəaliyyətə başlaması barədə müraciətlər daxil olur. Bir məsələni qeyd etmək istəyirəm ki, hazırda fəaliyyət göstərən “KOB Dostu” təkcə həmin rayon və şəhərə deyil, həmçinin ətrafdakı regionlara da xidmət göstərir. Ümumilikdə isə “KOB Dostu” şəbəkəsinin ölkənin bütün iri şəhər və rayonlarını əhatə etməsi nəzərdə tutulur.

– Daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlardan müraciətlərin qəbulu davam edir. Ümumiyyətlə, proses necə təşkil olunub və biznes subyektləri bu dəstəkdən hansı formada faydalanır?

– Azərbaycan Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Sözügedən Qaydaya uyğun olaraq, bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanır. Yeni dəstək mexanizmi çərçivəsində sahibkarların müraciəti əsasında müvafiq sahə üzrə bazar araşdırmasının aparılması üçün KOB-lara informasiya və maliyyə dəstəyi göstərilir.

Mikro, kiçik və orta sahibkarlar üçün daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi ilə bir tərəfdən sahibkarın bu sahədə xərcləri azalacaq, digər tərəfdən rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması ilə yeni məhsul və xidmətlərin, müəssisə və obyektlərin yaranmasına, özəl sektorda məhsul istehsalının artırılmasına dəstək göstəriləcək. Bu dəstək mexanizminin işə düşməsi bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev sahibkarların ən böyük dəstəkçisi və himayədarıdır.

Mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarına dövlət dəstəyinin təşkili Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Dövlət başçısının müvafiq Fərmanının icrası ilə əlaqədar Agentlikdə İşçi Qrupu yaradılıb, müraciət üçün nümunəvi ərizə forması hazırlanaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib, sahibkarlar və digər maraqlı tərəflər dəstək mexanizmi barədə məlumatlandırılıb. Bu məqsədlə maarifləndirici çarx hazırlanıb, televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması təmin edilib.

Artıq KOBİA-ya sahibkarlardan daxil olmuş bir sıra müraciətlər üzrə daxili bazar araşdırmalarının aparılmasına konsaltinq şirkətlərinin cəlb edilməsi istiqamətində “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq müvafiq işlərə başlanılıb.

Orxan Məmmədov2– Daxili bazar araşdırması üçün sahibkarlara hansı həcmdə maliyyə dəstəyi göstəriləcək?

– Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədərdir. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz olaraq təlim və seminarlarda iştirak etmək, müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalana bilər.

Daxili bazar araşdırmalarının aparılması prosesini qısaca təsvir etsək, ilkin olaraq sahibkar onu maraqlandıran sahə üzrə bazar araşdırmasının aparılması üçün nümunəvi ərizə formasını doldurmaqla birbaşa və ya elektron qaydada KOBİA-ya müraciət edir. Sahibkarın müraciəti Agentlikdə yaradılmış İşçi Qrupu tərəfindən dəyərləndirilir və müsbət qərar qəbul olunmuş daxili bazar araşdırmasının aparılması üçün “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərə sifariş verilir. Yerli və xarici hüquqi və fiziki şəxslər dedikdə universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, habelə kiçik və orta biznesin inkişafı mərkəzləri nəzərdə tutulur. Daxili bazar araşdırması hazır olduqdan sonra Agentlik hesabatı qiymətləndirir və sahibkara təqdim edir.

Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. Bildiyiniz kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində biznes assosiasiyaları fəaliyyət göstərir. Daxili bazar araşdırmasının aparılması üçün assosiasiyanın adından da müraciət edilə bilər. Qeyd etmək istəyirəm ki, sahibkarın müraciəti əsasında hazırlanacaq bazar araşdırması yalnız həmin sahibkara təqdim ediləcək. Bununla yanaşı, müvafiq qaydalara uyğun olaraq Agentlik öz təşəbbüsü ilə iqtisadiyyatın prioritet sahələri üzrə daxili bazar araşdırmalarının aparılması üçün məsləhətçi şirkətlərə sifariş verəcək ki, həmin araşdırmalar bütün biznes subyektləri üçün açıq olacaq. Belə daxili bazar araşdırmaları bütün sahibkarların istifadə etməsi üçün Agentliyin rəsmi internet səhifəsində – www.smb.gov.az yerləşdiriləcək.

– Agentliyin dövlət-özəl tərəfdaşlığında rolu nədən ibarətdir?

– KOBİA-nın fəaliyyət istiqamətlərindən biri ölkədə dövlət-sahibkar dialoqunun genişləndirilməsidir. Bu, sahibkarların ictimai birlikləri ilə sıx əməkdaşlıq, dövlət-özəl dialoqunun inkişafına töhfə verəcək formatların yaradılması və tətbiqi ilə reallaşdırılır. Dövlət-özəl dialoqu çərçivəsində KOBİA tərəfindən mütəmadi olaraq sahəvi görüşlər təşkil olunur. İndiyədək müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının iştirakı ilə Bakıda və ölkə regionlarında 40-a yaxın belə görüş keçirilib. Turizm, heyvandarlıq, bağçılıq, meyvəçilik, xidmət, satış və s. sahələrdə təşkil olunmuş sektoral görüşlərdə sahənin problemləri, inkişaf perspektivlərinə dair təkliflər dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə edilib, təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunub.

Digər bir istiqamət onlayn-platforma üzərindən dövlət-sahibkar dialoqunun təşkilidir. Belə ki, KOBİA-nın təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün onlayn maarifləndirmə tədbirləri təşkil edilir. İndiyədək vergilər, gömrük, dövlət satınalmaları, qida təhlükəsizliyi, maliyyə resurslarına çıxış, korporativ idarəetmə, kənd təsərrüfatı, kommunal xidmətlərə qoşulma kimi mövzularda 8 onlayn maarifləndirmə tədbiri təşkil olunub ki, bu tədbirlərdən 7 mindən çox sahibkar yararlanıb. Onlayn-platforma üzərindən qaldırılmış məsələlərə bir çox hallarda yerində reaksiya verilib, araşdırma tələb edən müraciətlər isə müvafiq qurumlarla əlaqələndirilib. Agentlik ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılmasında, ictimai fikrin öyrənilməsində maraqlıdır. Bu baxımdan, KOBİA yanında 15 ictimai təşkilatdan ibarət İctimai Şura fəaliyyət göstərir. İctimai Şuranın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə tez-tez üçtərəfli formatda ictimai müzakirələr keçirilir.

KOBİA tərəfindən sahibkarlar arasında sorğular təşkil olunur ki, bu sorğuların nəticələri aidiyyəti qurumlara təqdim olunur, müvafiq tədbirlər görülür.

Agentliyin sahibkarlar üçün əsas dəstək tədbirlərindən biri də onlara təlim və məsləhət xidmətlərinin göstərilməsidir.

Startapların, mikro, kiçik və orta biznes subyektlərinin “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə KOBİA mütəmadi olaraq təlim, seminar, treninq və digər tədbirlər təşkil edir. Bu ilin yanvar-oktyabr ayları ərzində KOBİA tərəfindən Bakıda və ölkə regionlarında yerli və xarici ekspertlər tərəfindən sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, peşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 16 təlim, onlayn maarifləndirmə tədbiri, 6 seminar, dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, korporativ idarəetmə, dövlət-özəl tərəfdaşlığı, maliyyə savadlığının artırılması, dövlət satınalmaları və s. mövzularda təşkil edilmiş tədbirlərdə 7 mindən çox KOB subyekti iştirak edib. Agentliyin təşkilatçılığı ilə keçirilən belə tədbirlərdə sahibkarlara nəzəri məlumatlarla yanaşı, müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış iş adamları öz təcrübələrini bölüşüblər.

Hazırda KOBİA tərəfindən müasir dövrün tələblərinə uyğun onlayn-təlim sisteminin yaradılması istiqamətində işlər aparılır. Onlayn-platformada reallaşacaq bu sistem vasitəsilə həyata keçiriləcək maarifləndirmə tədbirləri biznes subyektlərinin fəaliyyətinin daha səmərəli təşkilində əhəmiyyətli olacaq.

– Yaxın vaxtlarda KOB-lar üçün daha hansı yeni dəstək mexanizmləri istifadəyə veriləcək?

– Kiçik və orta biznes evləri (KOB evləri) KOB-ların inkişafına dəstək məqsədilə yaradılan mühüm mexanizmlərdəndir. Hazırda Bakı şəhərində ilk KOB evinin təşkili istiqamətində müvafiq tədbirlər görülür. KOB evində sahibkarlara bütün “G2B” və zəruri “B2B” xidmətləri vahid məkanda göstəriləcək. Burada sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə KOB evində 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq. KOB evində bank, sığorta, logistika, notariat, dizayn, informasiya texnologiyaları, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq.

Eyni zamanda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması istiqamətində də müvafiq tədbirlər görülür. “e-KOB evi” portalı KOB-lar üçün dəstək mexanizmlərini vahid elektron platforma üzərindən “nonstop shop” rejimində təmin edəcəkdir.

KOBİA-nın qarşısına qoyulmuş mühüm tapşırıqlardan biri də mikro, kiçik və orta biznes subyektlərinin klasterlərinin yaradılmasını və inkişafını stimullaşdırmaqdır. KOB klasterlərin yaradılması üçün ilk öncə bu sahədə müvafiq qanunvericilik formalaşmalıdır. Bu istiqamətdə ilk addım 2018-ci ilin dekabrında atıldı və Vergi Məcəlləsinə “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” anlayışları daxil edildi, klasterlər üçün bir sıra vergi güzəştləri müəyyənləşdirildi. Belə ki, “KOB klaster şirkəti” 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən, “KOB klasterin iştirakçısı” isə 7 il müddətinə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azaddır. Növbəti addım olaraq bu ilin mayında “KOB klaster şirkəti”nin meyarları təsdiq edildi. Bu meyarlara uyğun gələn hüquqi şəxslər “KOB klaster şirkəti” şəhadətnaməsini alacaq və Vergi Məcəlləsində “KOB klaster şirkəti” üçün nəzərdə tutulan güzəştlərdən yararlanacaqdır. “Mikro, kiçik və orta sagibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”nin layihəsi də artıq hazırdır və müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Sözügedən nümunəvi əsasnamənin təsdiq olunması ilə KOB klasterlərin yaradılması ilə bağlı qanunvericiliyin formalaşdırılması sahəsində işlər tamamlanmış olacaq. Növbəti mərhələdə isə KOB klasterlərin yaradılması və onların inkişafı üçün müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “KOB klaster şirkəti”nin və “KOB klasterin iştirakçısı”nın şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.

Orxan Məmmədov3İnnovativ layihələrin, bu sahədə startapların və KOB-ların dəstəklənməsi KOBİA-nın mühüm fəaliyyət istiqamətlərindəndir. Agentliyin Nizamnaməsində startapların qeydiyyatına və onların innovativ ideyalarının patentləşdirilməsinə, startapların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, innovativ sahibkarlığı təşviq etmək üçün startapların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlarla qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulur. KOBİA startap şəhadətnaməsini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. Artıq “Startapın müəyyən olunması meyarları”nın layihəsi hazırlanıb və hazırda aidiyyəti qurumlar tərəfindən baxılmaqdadır. Meyarlarda “startap” şəhadətnaməsi əldə etmək üçün müraciət edən fiziki və hüquqi şəxslərə və onların innovativ məhsuluna dair tələblər müəyyən edilib. Sözügedən meyarlar təsdiq olunduqdan sonra “startap” şəhadətnamələrinin verilməsinə başlanılacaq. “Startap” şəhadətnaməsini almış mikro və ya kiçik sahibkarlıq subyektləri Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərindən yararlanmaq imkanını əldə edəcəklər.

Hazırda KOB İnkişaf Mərkəzlərinin yaradılması istiqamətində müvafiq işlər görülür. Bu mərkəzlər Agentliyin struktur bölməsi olmaqla məqsədi təcrübəli və peşəkar ekspertləri cəlb etməklə sahibkarların maarifləndirilməsi, onların təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirakına yardım etməkdir. Mərkəzlər biznes strukturlarının innovasiya, biznes təşəbbüsləri olan, yeni fəaliyyətə başlamaq istəyənlərə də təcrübəli və peşəkar ekspertlər tərəfindən netvörkinq xidmətləri göstərəcəkdir.

Agentliyin srtukturuna daxil olan və hazırda yaradılmaqda olan KOB İnkişaf Fondları ölkəmizdə KOB-ların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılır. Bu fondlar eyni zamanda sahibkarların alternativ maliyyə mənbələrindən faydalanmaları istiqamətində fəaliyyət göstərəcək.

– Hazırda kiçik və orta biznes ölkə iqtisadiyyatında, o cümlədən ÜDM-də və məşğulluqda hansı yeri tutur?

– Hər bir ölkədə iqtisadiyyatın dayanıqlılığı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də payı 50%, məşğulluqda isə 60%-dən çoxdur. Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələrin 99%-ni kiçik və orta müəssisələr təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə ortahəcmli müəssisələr məşğulluğun əsas təminatçısıdır. Son 5 ildə Avropa məkanında yaradılan yeni iş yerlərinin 85%-i kiçik və orta biznes subyektləri tərəfindən yaradılıb. Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl bölmə kifayət qədər inkişaf edib, sahibkarlığın ÜDM-də və məşğulluqda payı əhəmiyyətli dərəcədə artıb. 2018-ci il üzrə göstəricilərə əsasən KOB-ların ÜDM-də payı 27%, məşğulluqda 21%, ixracda isə 36%-dir.

Ölkə üzrə sahibkarlıq subyektlərinin 90%-dən çoxunun KOB subyektləri olması kiçik və orta sahibkarlığın ÜDM-də və ixracda payının artırılması üçün böyük potensialın olduğunu göstərir. Dövlət başçısı tərəfindən ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində müəyyənləşdirilmiş tapşırıqlara uyğun olaraq, 2025-ci ildən sonrakı dövr üçün kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılması, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi, KOB-un payının ÜDM-də 60%-ə, məşğulluqda 70%-ə, qeyri-neft ixracında isə 40%-ə çatdırılmasını nəzərdə tutulur.

– KOBİA kiçik və orta biznes sahəsində beynəlxalq münasibətlərə də diqqət ayırır. Bugünə qədər hansı ölkələrlə bu sahədə əməkdaşlıq edilib və daha hansı ölkələrlə əlaqələrin qurulması planlaşdırılır?

– KOBİA kiçik və orta biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə bir sıra xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edir. Agentlik KOB sahəsində Türkiyə, İsveçrə, Polşa, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı kimi ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri qurub. Koreya, İsrail kimi ölkələrin KOB sahəsində təcrübəsi öyrənilib. Bu iş hazırda da davam etdirilir. Beynəlxalq maliyyə institutları, eləcə də Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda və yerli KOB-larla əməkdaşlıqda maraqlı olan xarici investorlarla əlaqələr genişləndirilməkdədir.

– Agentliyin sahibkarlara və gənclərə mühüm dəstək layihələrindən biri də “KOB könüllüləri Proqramı”dır. Gənclərin proqrama marağı necədir?

– Gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi üçün Agentlikdə “KOB Könüllüləri Proqramı” həyata keçirilir. Hazırda 25 gənc Agentlikdə və ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Onların əksəriyyəti iqtisadiyyat, biznes, idarəetmə sahəsində müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclərdir. Ümumilikdə indiyədək 70-ə yaxın gənc “KOB Könüllüləri Proqramı” çərçivəsində Agentlikdə könüllü fəaliyyətinə cəlb olunub. Agentlikdə könüllü fəaliyyətini uğurla başa vuran gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. KOB könüllüsü olmuş bir sıra gənclər artıq dövlət və özəl müəssisələrdə işləyir. Onlar arasında KOBİA-nın əməkdaşına çevrilmiş gənclər də var. 

©Report

Son xəbərlər
Digər xəbərlər