8 C
Baku
Thursday, December 12, 2024

Millət vəkili: Azərbaycanda mütləq yoxsul insan yoxdur

Millət vəkili Musa Quliyevin intiharların yoxsulluqla heç bir əlaqəsinin olmaması barədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, müzakirəyə qoşulanların əksəriyyəti bildirib ki, kredit borcuna, kirayə haqqını ödəməməyə, ailə xərclərini qarşılaya bilmədiklərinə görə ölkədə intihar edən insanlar var.

Buna görə də yoxsulluğun intiharla əlaqəsinin olmadığını demək yanlışdır.

M.Quliyev isə elə söz demədiyini bildirib:

“Kim deyir ki, intiharların yoxsulluqla da əlaqəsi yoxdur? Yoxsulluq səbəblərdən biridir, ancaq birinci yerdə dayanmır. Əsas məsələ psixoloji problemlərin olmasıdır.

İndi hər bir yoxsul adam gedib özünü asmır ki? Onların içində elələri var ki, psixoloji cəhətdən ayrıca problemləri var. Ona kömək edən yoxdur. Elə olsa, Hindistan əhalisinin yarıdan çoxu yoxsuldur, ancaq ən az intihar da orada baş verir. Mən bu mənada demişəm. Nə qədər insan varsa, o qədər də intihar səbəbi var. Mütləq mənada demək olmaz ki, intiharın səbəbi yoxsulluqla bağlıdır.

Öz arzularını həyata keçirə bilməmək, problemlərini həll edə bilməmək, təbii ki, hər bir insana mənfi təsir edir. Azərbaycanda mütləq yoxsul insan yoxdur. Mütləq yoxsul odur ki, onun gündəlik qazancı bir çörəyə çatmasın. Amma bizdə ünvanlı sosial yardım yoxsul ailələrə verilir. Sosial yardımın məbləği də 120 manata yaxındır. Yaşayış minimumu bundan bir az çoxdur.

Bunları götürəndə Azərbaycanda mütləq yoxsul insan yoxdur. Dünyada 800 milyon insan aclıq çəkir, çörək tapa bilmir. İndi o 800 milyon insan hər gün özünü asmır ki? Bu mənada demək istəyirəm ki, intiharı yoxsulluqla birbaşa əlaqələndirmək düzgün deyil. Ailə konfliktləri bu məsələyə təsir edir, insan köməksiz qalır, ümidsizlik yaşanır. Tutaq ki, cavan oğlana istədiyi qızı vermirlər, ya da qız başqasını sevir, bu zaman tərəflərdən biri intihar edir. Amerikanın ən zəngin adamlarından olan Rokfellerin nəvəsi özünü 27 yaşında güllələyərək öldürdü. Bunun yoxsulluğa nə dəxili var ki?”.

Son xəbərlər
Digər xəbərlər