Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qumar oyunlarının, onların təşkilatçısının (operatorunun) və satıcısının reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.
Bundan başqa, idman-mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman, mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər 800 manatdan 900 manata qədər, vəzifəli şəxslər 1 000 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 9 000 manata qədər cərimə ediləcək.
Məcəllənin “Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması” maddəsi yeni redaksiyada veriləcək: “Dəyişikliklə isə bu maddə “Qumar oyunları” adlandırılacaq. Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsində yeni cərimə müəyyənləşdiriləcək.
Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən, qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsi fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.