7 C
Baku
Thursday, December 12, 2024

Milli Məclisin deputatlarına 2452 manat məbləğində əməkhaqqı və müavinət verilir

“Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasına baxmayaraq Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı deputatların səlahiyyətləri saxlanılıb. Hazırda deputatların statusu saxlanıldığından bizə nəinki tam həcmdə əməkhaqqı, deputat fəaliyyətinin təmin olunması ilə bağlı müavinət də verilir”.

Bunu açıqlamasında Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, deputatın fəaliyyəti təkcə Milli Məclisin plenar iclasları ilə məhdudlaşmır:

“Parlamentin buraxılmasına baxmayaraq deputat yenə də seçicilərinin şikayətlərinə baxmalıdır, onlara cavab verməlidir. Hazırda deputatlara 1732 manat əməkhaqqı və 720 manat (ümumilikdə 2452 manat) isə deputat fəaliyyətini təmin etməkdən ötrü müavinət verilir”.

Qeyd edək ki, 2019-cu ilin dekabrın 2-də Milli Məclisin deputatları qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Dekabrın 4-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması məsələsinə baxıb və qərarı Konstitusiyaya uyğun hesab edib. Məhkəmənin qərarına görə, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı parlamentin səlahiyyətləri saxlanılır.

Dekabrın 5-də isə Prezident İlham Əliyev parlamentin buraxılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

©Report

Son xəbərlər
Digər xəbərlər