Azərbaycanda iplik istehsalı olan iki iri zavodun məxsus olduğu “Mingəçevir Tekstil” MMC-nin nizamnamə kapitalı kəskin böyüdülüb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 000 manatdan 149 474 275 manata qədər artırılmışdir. Bu da 149 min dəfə artım deməkdir.
“Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə yaradılıb. MMC Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir. Bildirək ki, “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev bu şirkətin iki zavodunun açılışında iştirak edərkən İqtisadiyyat naziri (həmin zaman Şahin Mustafayev idi) bildirmişdi ki, bu iki layihənin dəyəri 144 milyon manatdır.
Hazırda respublikada illik istehsal gücü 24.6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir.