Misir hökuməti Süveyş kanalında “Ever Given” konteyner gəmisinin səbəb olduğu sıxlığı aradan qaldırmaq üçün xərclədiyi pulların geri qaytarılmasını tələb edəcək.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsinin (SCA) rəhbəri Usama Rabi bildirib.
Rabinin sözlərinə görə, kanalın fəaliyyətinin dayandırılması zamanı gəlir itkisini, gəmini qurudan çıxarmaq üçün istifadə olunan avadanlıq və maşınların qiymətini nəzərə alsaq, təzminatın məbləği 1 milyard dollardan çox ola bilər. “Biz yaxşı bir məbləğ tələb edəcəyik. Biz hər hansı bir zərər və itki vermədən gəmini xilas etdik”, – deyə Rabi “CNBC”nin canlı efirində söyləyib. O, təzminatın kimin tərəfindən ödənilməli olduğunu dəqiqləşdirməyib. Kanal idarəsinin rəhbəri təzminatla bağlı razılığın iki-üç gün ərzində əldə olunacağına ümid etdiyini bildirib.
“Biz təzminat mövzusunda razılığa gələ bilərik, əks halda məhkəməyə müraciət edəcəyik”, – deyə Rabi məhkəmədən müsbət qərar qəbul edilmədikdə, kanalın fəaliyyətinin dayandırılmasına səbəb olan konteyner gəmisinin Misir səlahiyyətliləri tərəfindən saxlanacağını söyləyib.
“CNBC”nin qeyd etdiyi kimi, Süveyş kanalındakı hadisə gəmiçilikdə əlaqələrin qeyri-şəffaf olmasına işarə edib: “Ever Given” Yaponiya şirkətinə məxsusdur, Tayvan şirkəti tərəfindən sığortalanmışdır, alman operatorları tərəfindən idarə edilmişdir, Hindistan vətəndaşları qrupu ilə hərəkət etmişdir, Panamada qeydiyyata alınmışdır və Misirdən tranzit keçmişdir. Gəminin operatoru “Shipmanagement” şirkəti bütün səbəblər müəyyən edildikdən sonra iddialara ayrı-ayrı baxılacağını bildirib. Tayvanın “Evergreen” şirkəti daşıdığı yükün gecikməsində görə cavabdeh olmadığını açıqlayıb.
Xatırladaq ki, 400 metrlik “Ever Given” konteyner gəmisi” martın 23-ü Süveyş kanalının fəaliyyətini bloklamışdır. Demək olar ki, bir həftə davam edən fasilənin dünyadakı limanlar və təchizat zəncirləri üçün nəticələri olacaqdır.