Moldova 2030-cu ilədək Avropa İttifaqına üzv olmağı planlaşdırır və bu məqsədlə yay aylarının sonunadək Brüssellə danışıqların bütün klasterlərini açmağa çalışacaq. Bunu parlamentin sədri və hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri İqor Qrosu bildirib.
2025-ci il parlament seçkiləri zamanı prezident Maya Sandu Moldovanın 2028-ci ilədək Aİ-yə üzv olacağını vəd etsə də, bundan əvvəl əsas hədəf kimi 2030-cu il göstərilirdi. Partiyanın son proqramında isə üzvlüklə bağlı konkret tarix göstərilməyib.
“Biz Avropadakı tərəfdaşlarımızı inandırmağa davam edirik ki, bu yayın sonuna qədər danışıqların bütün altı klasterinin açılmasına layiqik. Bütün klasterlərin açılması ilə bağlı rəsmi siyasi qərar qəbul olunmuş kimi, şərtləri yerinə yetirməyə və qanunları qəbul etməyə davam edirik”, — Qrosu Moldova 1 telekanalının efirində deyib.
Onun sözlərinə görə, Moldova 2028-ci ilədək Avropa İttifaqı ilə danışıqları başa çatdırmalı, 2030-cu ildə isə birliyin tamhüquqlu üzvünə çevrilməlidir. Qrosu qeyd edib ki, ölkənin daha dörd danışıq klasterini açması lazımdır və Kişinyov artıq bunun üçün texniki hazırlığa başlayıb.
Bununla yanaşı, Aİ-yə üzvlüklə bağlı danışıqların başlanması üzvlüyə zəmanət vermir və konkret vaxt çərçivəsi müəyyən etmir. Məsələn, Avropa İttifaqına üzvlüyü yaxın perspektivdə gözlənilməyən Türkiyə bu danışıqlara hələ 2005-ci ildə başlayıb.
Moldovanın IMAS sosioloji şirkətinin iyunda keçirdiyi sorğu göstərib ki, ölkə vətəndaşlarının əksəriyyəti Moldovanın 2028-ci ilədək Avropa İttifaqına üzv olacağına inanmır.
Ölkədə Aİ-yə inteqrasiyaya münasibət də birmənalı deyil. 2024-cü ilin payızında keçirilən prezident seçkilərində Maya Sandu ölkə daxilində keçmiş baş prokuror Aleksandr Stoyanoqludan geri qalıb. Onun təşəbbüsü ilə keçirilən Avropa İttifaqına üzvlüklə bağlı referendum da ölkə daxilində kifayət qədər dəstək qazanmayıb.







