Amerikanın Moody’s agentliyi 15 ildən sonra ilk dəfə Belçikanın kredit reytinqini Aa3 səviyyəsindən A1-ə endirib. Buna səbəb kimi ölkənin iqtisadi artım perspektivləri ilə bağlı narahatlıqlar, fiskal siyasətin pisləşməsi və dövlət borcunun artması göstərilib. B
“Belçikanın reytinqinin A1 səviyyəsinə endirilməsi qərarı bizim hazırkı hökumətin borc yükünü sabitləşdirmək üçün kifayət qədər tədbir görə bilməyəcəyinə dair qənaətimizi əks etdirir”, — Moody’s bildirib. Agentliyin açıqlamasına görə, hökumətin yeni tədbirləri və islahatları “artan faiz ödənişləri, əlavə müdafiə xərcləri və fiskal təzyiqlərin yaratdığı mənfi təsirləri kompensasiya etmək üçün kifayət deyil”.
2025-ci ilin iyun ayında beynəlxalq reytinq agentliyi “Fitch” də artıq Belçikanın reytinqini AA- səviyyəsindən A+ səviyyəsinə endirmişdi. Qurum bu qərarı son illərdə ölkənin fiskal vəziyyətinin zəifləməsi ilə izah edib. “Fitch”in məlumatına görə, vəziyyət əsasən köhnələn aktivlərin saxlanması xərclərinin artması, müdafiə xərclərinin yüksəlməsi, Avropa İttifaqına transfertlərin və faiz xərclərinin artması ilə bağlıdır.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, 2025-ci ildə Belçikanın büdcə kəsiri ÜDM-in 5,3%-nə çatıb və bu, avrozonada ən yüksək göstəricilərdən biri olub. BVF-nin proqnozlarına görə, əhəmiyyətli dəyişikliklər olmazsa, bu il kəsir 5,1%-ə enəcək, 2027-ci ildə isə 5,2% təşkil edəcək.






