“Moody’s” beynəlxalq reytinq agentliyi İtaliyanın “Saipem” şirkətinin mümkün defolt reytinqini “Ba1” səviyyəsində təyin edib.
“Moody`s”in yaydığı məlumata görə, “Saipem” şirkətinin 2 mlrd. avro dəyərindəki yeni ortamüddətli notlarının reytinqi də “Ba1” səviyyəsində müəyyənləşdirilib. Proqnoz isə stabildir.
Reytinq agentliyinin ekspertləri hesab edir ki, son bir neçə ildə işçi kapitalının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq şirkətin likvidliyi kifayət səviyyədə olacaq. Agentliyin proqnozlarına əsasən, “Saipem” 2016-cı ildə bir neçə yüz milyon avro həcmində sərbəst nağd pul axınına malik olacaq və heç bir dividend ödəməyəcək.
Qeyd edək ki, TAP konsorsiumu “Saipem” şirkəti ilə layihənin dəniz hissəsində Layihələndirmə, Tədarük, Tikinti və Quraşdırma (EPCİ) işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb.
36 düymlük sualtı boru xətti Adriatik dənizindən – Albaniya sahilləri və İtaliyanın cənubundan keçməklə 105 km uzunluqda olacaq.
EPCİ çərçivəsində Albaniya və İtaliya ərazisində dənizdə boru kəmərinin, fiber-optik kabellərin çəkilməsi və quraşdırma işləri aparılacaq.
Bundan başqa, “Saipem” TANAP layihəsinin dənizdən keçən hissəsində boru xəttinin və fiber optik kabel mühəndisliyi, satınalma və inşaat işlərini həyata keçirəcək 6 şirkətdən biridir. Bununla bağlı, TANAP konsorsiumu italyan şirkəti ilə müvafiq müqavilə imzalayıb.