“Morgan Stanley”in analitikləri son iki həftə ərzində ikinci dəfə Brent neftinin qiyməti ilə bağlı proqnozlarını aşağı salıblar. Buna səbəb olaraq Hörmüz boğazı vasitəsilə tədarükün gözləniləndən daha sürətlə bərpa olunması göstərilir.
Bankın yenilənmiş proqnozuna görə, etalon neft markası olan Brent-in orta qiyməti üçüncü və dördüncü rüblərdə bir barel üçün 75 dollar təşkil edəcək.
Beləliklə, üçüncü rüb üzrə proqnoz bir barel üçün 15 dollar, dördüncü rüb üzrə isə 5 dollar aşağı salınıb.
“Morgan Stanley” gələn ilin bütün dörd rübü üzrə də proqnozlarını pisləşdirib və 2027-ci ilin sonuna qədər Dated Brent-in qiymətinin bir barel üçün 70 dollara enəcəyini gözləyir.
Analitiklər qeyd edirlər ki, Hörmüz boğazı gözləniləndən daha sürətlə açılır, eyni zamanda qiymətlərə təzyiq göstərən iki əsas amil qalır: ABŞ-dən neft ixracı yüksək səviyyədə qalır, Çinin xam neft idxalı isə zəif olaraq qalır.
“İnvestorların diqqəti 2027-ci ilə yönəldikcə, bazar tam dövrü başa vuraraq yenidən təklif artıqlığının gözlənildiyi başlanğıc nöqtəsinə qayıdır”, – deyə bankın analitikləri bildiriblər.
Bakı vaxtı ilə saat 14:20-yə olan məlumata görə, Brent üzrə avqust fyuçerslərinin qiyməti ICE birjasında bir barel üçün 73,32 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 0,23% yüksəkdir.
ABŞ və İran arasında atəşkəsin əldə olunmasından, Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasından və tankerlərin Hörmüz boğazından keçidinin bərpasından sonra neft kontraktları kəskin ucuzlaşıb.
Bankın ekspertləri hesab edirlər ki, 2027-ci ildə neft bazarında tələb və təklifin balanslaşdırılması üçün Hörmüz boğazı vasitəsilə tədarükün münaqişədən əvvəlki səviyyənin 65%-nə, yəni gündəlik 11-12 milyon barelə qədər bərpa olunması zəruridir.







