Morgan Stanley strateqləri hesab edirlər ki, investorlar bu ilin əsas texnoloji qaliblərində, xüsusilə çip istehsalçılarında mənfəəti daha fəal şəkildə realizə etməyə başlayıblar. Bankın Maykl Uilsonun rəhbərlik etdiyi strateqlər komandası bazarda diqqətin yenidən hiperskeylerlərə yönələ biləcəyini bildirir.
Söhbət Microsoft, Amazon və Meta Platforms kimi süni intellekt infrastrukturu quran iri bulud şirkətlərindən gedir. Morgan Stanley-ə görə, bu şirkətlər bütün süni intellekt ekosistemi daxilində ən cəlbedici seqmentlərdən biri kimi görünür. Bunun əsas səbəbi onların güclü baza bizneslərinə malik olmasıdır.
Uilson həmçinin istisna etmir ki, son dövrdə bazardan geri qalan bu şirkətlər kapital xərcləri ilə bağlı planlarını daha ehtiyatlı ifadə etməyə və gələcək xərclərlə bağlı gözləntiləri aşağı salmağa başlaya bilərlər.
Bazar mühiti
Morgan Stanley-də qeyd edirlər ki, bazarda rotasiya “qeyri-sabit və ümumilikdə daha zəif səhm bazarı” fonunda davam edir. Philadelphia Semiconductor Index ötən ay qeydə alınmış rekord səviyyədən təxminən 14% aşağı düşüb. Buna səbəb qiymətləndirmələrin həddindən artıq yüksək olması ilə bağlı narahatlıqlardır. Hətta Micron Technology-nin ötən ay açıqladığı güclü satış proqnozu da rallini dəstəkləyə bilməyib.
Bununla belə, sentyabrdan bəri həmin indeks 123% artıb. UBS-in hiperskeylerlər səbəti isə eyni dövrdə 2% geriləyib.
S&P 500 indeksi iyunun əvvəlində pik həddə çatdıqdan sonra aşağı doğru hərəkət edir. Buna baxmayaraq, Morgan Stanley ABŞ fond bazarı ilə bağlı nikbin mövqeyini qoruyur. Bank ilin sonu üçün S&P 500 üzrə hədəfini 8 000 bənd səviyyəsində saxlayır. Bu isə cari səviyyələrlə müqayisədə təxminən 7%-lik artım potensialı deməkdir.
Uilson bu ilin əvvəlində ABŞ səhmlərinin güclü korporativ mənfəətlər sayəsində geosiyasi təzyiqlərə davam gətirə biləcəyini düzgün proqnozlaşdırmışdı.
JPMorgan və Morgan Stanley-də hesab edirlər ki, bazar rallisi texnologiya sektorundan kənara da yayıla bilər. Potensial benefisiarlar arasında gündəlik tələbat mallarına aid olmayan istehlak məhsulları istehsalçıları, biotexnologiya şirkətləri və nəqliyyat şirkətləri göstərilir.







