“Havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək tövsiyə olunur”.
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. O qeyd edib ki, immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb.
“Oktyabr ayının 12-dən etibarən səhiyyə nazirinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib. Peyvənd kampaniyası çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklər peyvənd olunurlar. Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib peyvənd oluna bilər. Mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır”, – deyə N. Mürsəlova bildirib.
Həkim, həmçinin əlavə edib ki, müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etmək vacibdir.