Göstəricilər — rəqəmlə ifadə olunmuş, vəziyyət və nəticələrin keyfiyyət və kəmiyyət qiymətləridir. Təşkilatın fəaliyyətində istifadə olunan göstəricilərin bir hissəsi dövlət qanunları və statistika hesabatları ilə bağlı qəbul olunmuş qərarlar ilə nizama salınırsa, digər hissə müəssisənin fəaliyyəti nəticəsində meydana çıxır.
Müəssisə göstəricilərini bir neçə qrupa təsnifləşdirmək olar: normalar, iş vaxtının göstəriciləri, əmək resurslarının göstəriciləri, istehsalat göstəriciləri, maliyyə göstəriciləri.
Müəssisə fəaliyyətini səciyyələndirən göstəricilər toplusu – miqyas, mütləq, nisbi, struktur və artan göstəriciləri əhatə edir. Miqyas göstəriciləri müəssisənin çatdığı səviyyəni əks etdirir (əsas və dövriyyə fondları, nizamnamə kapitalı və s). Mütləq göstəricilər müəyyən zaman intervalı ərzində əldə olunmuş yekun kəmiyyətlərdir (dövriyyə, gəlir, məsrəf və s). Nisbi göstəricilər ilk iki qrupdakı kəmiyyətlərin nisbətindən çıxarılır. Struktur göstəricilər yekun məbləğdə ayrı-ayrı elementlərin payını xarakterizə edir. Artan göstəricilər dedikdə isə müəyyən müddətdən əvvəl qeyd alınmış göstəricilər ilə müqayisədə olan artımlar nəzərdə tutulur.
Müəssisənin fəaliyyəti zamanı istifadə olunan bütün göstəricilər məcmusu aşağıdakı qruplara bölünür (resurs növlərinə görə):
• vaxt normaları;
• əmək məsrəfləri normaları;
• material məsrəfləri normaları;
• enerji resursları məsrəfləri normaları;
• əmək alətləri məsrəfləri normaları;
• ehtiyat hissələrin məsrəfləri normaları.
Normalar ilə nizamlanan əsas xarakteristikalar bunlardır:
• vaxt norması (məhsul vahidinin hazırlanması üçün tələb olunan vaxt);
• hazırlanma norması (vaxt vahidi ərzində hazırlanan məhsulun miqdarı);
• say norması (bir xidmət avadanlığı vahidinə düşən işçilərin miqdarı);
• istehsal norması (vaxt vahidi ərzində məhsul buraxılışı);
• xərc norması (bir məhsulun hazırlanmasına sərf olunan xammal, material, yanacaq və ya yarımfabrikat);
İş müddətinin xarakteristikası zamanı əsas göstərici vaxtdır: təqvim, faktiki və həqiqi işdə olma müddəti.
Təqvim vaxtı üzrə iş — bu ən ümumi göstəricidir, onu nominal vaxta və nizamnamə ilə müəyyən edilmiş istirahətə bölürlər (rəsmi bayram və istirahət günləri). Faktiki iş vaxtı, işə çıxmama müddətinə görə nominal iş vaxtından daha azdır (məzuniyyət müddəti, xəstəliyə görə çıxmama və rəhbərlik tərəfindən icazə verilən işdən yayınma günlərinin sayı). Həqiqi işdə olma müddəti buraxılmış iş günləri çıxılmaqla faktiki iş vaxtına bərabər olur.
İşçilərin sayı siyahı və ştat sayı üzrə göstəricilər ilə xarakteristika edilir. Ştat üzrə işçilərin tərkibi iş yerlərini sayına, avadanlıqlara xidmət göstərmə normalarına və əmək məhsuldarlığına görə müəyyən edilir. Bundan əlavə müəssisələrdə ştatdan kənar işçilər və yarım ştat işçilər olur.
Siyahı üzrə işçilərin sayı dedikdə həmçinin məzuniyyətdə olan, müalicə alan və icazə verilmiş istirahətdə olan işçi ehtiyatları da nəzərdə tutulur. Siyahı üzrə işçi sayı – nominal iş vaxtının faktiki iş vaxtını üstələməsi ilə xarakterizə olunan siyahı əmsalı və bir günlük cari işçi heyətin tərkibi ilə müəyyən edilir.
Müəssisənin maliyyə durumunun əsas göstəriciləri aktiv və passivlərdir. Onlar əsasən konkret bir an üçün müəssisənin vəziyyətinin səciyyəsini əks etdirir (əsas plan müddətinin baş çatdığı dövrü).
Aktivlər
Aktiv—müəssisənin müəyyən zaman ərzində sahib olduğu mülkiyyətin və borc hüquqlarının ümumi dəyəridir. Aktiv dövriyyə kapitalı (pul vəsaitləri, ödəniş vasitələri, ehtiyatlar və xərclər) və əsas kapitaldan (daşınmaz əmlak, kapital və maliyyə yatırımları) ibarət olur. «Dövriyyə» termini onun bildirir ki, bu vəsaitlər daim dövriyyədədir və pula çevrilir. Əsas kapital satış üçün nəzərdə tutulmayıb. O, məhsulun istehsalı, saxlanılması və daşınması zamanı istifadə edilir. Əsas kapitalın dəyərinin hesablanması vəsaitin ilkin dəyərindən, həmin dövr üçün olan amortizasiya xərclərinin çıxılması ilə həyata keçirilir. Beləliklə, əsas kapitalın balans dəyəri müəssisənin əsas istehsal fondlarına yatırılmış öz vəsaitlərinin əks etdirir, lakin onun bazar və ya bərpa qiymətinin əks olunması nəzərdə tutulmamışdır.
Təmiz aktivlər– təmiz daşınmaz əmlakın və təmiz cari aktivlərin məbləğinə bərabərdir. Təmiz cari aktivlər isə cari aktivlərin qısa müddətli öhdəliklər ilə fərqinə bərabərdir.
Dövriyyə kapitalı- müəssisə adətən bu vəsaitlərdən yaxın gələcəkdə gəlir əldə etməsini gözləyir. Bunlar o aktiv və vəsaitlərdir ki, müəssisənin normal işləməsi nəticəsində gələcəkdə pul vəsaitlərinə çevrilir. Dövriyyə kapitalına pul vəsaitlərinə nominal dəyərlərinə görə birja qiymətli kağızları, debit hesabları və maddi-məhsul ehtiyatları daxildir. Müəssisənin maddi-məhsul ehtiyatları üç qrupdan ibarətdir: xammal, istehsalatda olan yarımfabrikat mallar və satış üçün nəzərdə tutulmuş hazır mallar. Maddi-məhsul ehtiyatlarının həcmi öz maya dəyərinə və ya bazar qiymətinə görə təyin edilir (onlardan az olana görə).Dövriyyə kapitalının tərkibində dərhal pul vəsaitlərinə çevrilə bilən, likvid aktivləri xüsusi qeyd edirlər. Likvid aktivlər sırasına maddi-məhsul ehtiyatlarını daxil etmək olmaz. Təmiz likvid aktivlərə həmçinin qısa müddətli öhdəliklər də aid edilə bilməz.
Əsas kapitala torpağın, daşınmaz əmlakın, bina və qurğuların, maşın və istehsalat avadanlıqlarının, inzibati işlərdə istifadə olunan avadanlıqların ilkin dəyərindən hesablanmış amortizasiya xərcləri çıxılmaqla yerdə qalan dəyəri daxildir. Qeyri maddi aktivlərə mal nişanların qiyməti, müəyyən patent və lisenziyalar, proqram təminatları (belə ki onlardan yalnız istifadə hüququ vardır, satışa icazə verilmir) və yaranmış işgüzar münasibətlər daxildir.
Passivlər
Passiv — müəssisənin digərləri qarşısında üzərinə götürdüyü öhdəlikdir, bu öhdəliklərin yerinə yetirilməsi əmlakın dəyərinin və ya daxil olan gəlirlərin azalmasına gətirib çıxaracaqdır. Passiv borc götürülmüş kapitaldan (qısamüddətli borc, uzunmüddətli borc) və fərdi kapitaldan (nizamnamə kapitalı və bölünməmiş mənfəət) təşkil olunmuşdur. Qısamüddətli öhdəlik tədarükçü və digər kreditorlar ilə ödənişlərdən, banklardan və digər təşkilatlardan götürülmüş kreditlərdən, məsrəflərə görə yarana borclardan, yerli və ya federal büdcədən götürülmüş və ödənilməsi tələb olunan borclardan ibarət ola bilər. Qısamüddətli borcların ödənilməsi balansa daxil olduğu andan bir ildən gec olmayaraq həyata keçirilməlidir.
Passivlərin miqdarı aktivlərin miqdarına bərabərdir (balans bərabərləşdirmə). Aktiv və passivlər müəssisənin balans hesabatında bütün təfərrüatı ilə əks olunurlar. Balan hesabatı artım mənbələrini və ehtiyatların xərclənmə ünvanlarının təsvirini verir və müəssisənin maliyyə durumu haqqında informasiyanı təsnif edir.
Müəssisənin müəyyən zaman intervalında fəaliyyətinin inteqral nəticəsi bu göstəricilər ilə müəyyən olunur: realizasiya, xərclər, mənfəət, əlavə olunmuş dəyər
Realizasiya satılmış məhsul miqdarına məhsul vahidinin qiymətinin hesablanması kimi müəyyən olunur. Bundan əlavə vəsaitlərin daxil olması aktivlərin satılması və ya kapital dövriyyəsinin azaldılması ilə bağlı ola bilər.
Netto-realizasiya— müəssisənin satışlarından əldə olunan məbləğdən məhsulun dəyərini və onun hazırlanmasına sərf olunmuş vəsaiti çıxmaqla müəyyən olunur
Ümumi gəlir— bərabərdir satışların təmiz məbləği çıxılsın təsbit edilmiş xərclər.
Məmulat gəlirləri -bu müəssisənin ümumi gəlirləri içərisində məmulatların satışından əldə olunan gəlir payıdır.
Məhsulun maya dəyəri müəssisə tərəfindən məhsulun hazırlanmasına və satışlarına sərf olunmuş cari vəsaitin pulla ifadə olunmuş ölçüsüdür. Ona məhsul üzərinə köçürülmüş, keçmişdə keçirilmiş əməliyyatlar nəticəsində yaranan məsrəflər (əsas istehsal fondlarının amortizasiyası, xammalın dəyəri, materiallar və digər maddi resurslar), müəssisədə işləyən bütün işçi heyətin əmək haqqı xərcləri və bütün digər xərclər də daxildir. İstehsalın maya dəyərinin hesablanması xərclərin kalkulyasiya maddələrinə əsasən həyata keçirilir.
Məsrəflər
İdarəetmə uçotunda «məsrəflər» termini müxtəlif hallarda istifadə olunur. Məsrəflərin başlıca təsnifatı onların bölgüsünü nəzərdə tutur:
• idarəetmə sistemindəki roluna görə (istehsalat və qeyri istehsalat);
• məhsul növü ilə bağlılıq səviyyəsinə görə (birbaşa və dolayı);
• həcm və istehsalat ilə əlaqəsinin xarakterinə görə (daimi, dəyişən, qarışıq);
• təsirə məruz qalma dərəcəsində görə (idarə olunan, idarə olunmayan);
• xərclərin baş vermə vaxtına görə (ötən dövrün xərcləri, cari xərclər və gələcək dövrün xərcləri);
• idarə tapşırıqlarının xarakterinə görə (plan üzrə, normativ, faktiki və orta).
Müəssisə məsrəfləri materialların, xammalın, enerji resurslarının və əmək alətlərinin alınmasından yaranan xərcləri, istehsalata hazırlıq və onun təşkil edilməsinə sərf olunan vəsaiti, amortizasiya, avadanlıqların qorunması və təmir xərclərini, digər istehsal xərclərini, administrasiya aparatının təmin olunması xərclərini və digər ümumzavod işlərin həyata keçirilməsi ilə bağlı ortaya çıxan xərcləri əhatə edir. Avadanlıqların və ya məkanın kirayə götürülməsi zamanı kalkulyasiya maddələrində «kirayə haqqı», kreditlərin istifadə olunması zamanı isə «kredit faizlərinə görə ödəmələr» yazılır. Xərclərin təhlili və onların son nəticə ilə əlaqəsi məsrəf elementlərinin təsnifatının əmələ gətirir.
İstehsalat məsrəfləri —istehlakçıların ehtiyac duyduğu və ona görə pul ödəməyə hazır olduğu məhsulun (xidmət) əldə edilməsinə yönəlmiş səylərin məcmu dəyərinə deyilir. Onlara təmiz istehsal xərcləri, reklam məsrəfləri, satışlar, maddi və intellektual yatırımların edilməsinə sərf olunan vəsaitlər aid edilir.
Təchizat xərcləri özləri dəyər yaratmır. Misal üçün onlara daşınma xərcləri, sifarişlərin qəbul olunma xərcləri, heyətin inkişaf etdirilməsi və s daxildir. İdeal biznesdə bu xərclərə yol verməmək də olar, amma real biznes bu xərclər olmadan mümkün deyil. Təchizat xərcləri həmişə mövcud olma hüquqlarını sübut etmək məcburiyyətində olurlar, yəni bu xərclərə yol vermək üçün həmişə tutarlı səbəblər gətirmək lazım gəlir. Ortaya çıxan başlıca sual belə səslənir: «O hansı xərclərdir ki, onlarsız da ötüşmək mümkündür?
Mühafizə və xəbərdarlıq xarakterli xərclər xoşagəlməz hadisələrin qarşısını almağa istiqamətlənmişdir. Hər bir müəssisə erkən xəbərdarlıq sisteminə ehtiyac duyur ki, məhsulun satışında baş verən mümkün nasazlıqlar, tələbatın artması, rəqiblərin öz səylərini daha gücləndirməsi və tədarükçü və təchizatçıların davranışında baş verən mümkün dəyişikliklərdən xəbərdar olsun. Bu xərc növü üçün daimi qiymətləndirmə mütləqdir: «Əgər bununla məşğul olmasaq, böyük zərərlər ilə üzləşməyəcəyikmi?»
Qeyri istehsal xərcləri—nəticə almağa istiqamətlənməmiş səylərin məcmu dəyəridir. Bunlara aiddir, məsələn, təmirə ehtiyac duyan sadə avadanlıqlar, yeni formada məhsulun istehsalına uyğunlaşmaq, nəqliyyatın boş-boşuna hərəkətdə olması. Hər bir müəssisədə qeyri istehsal xərclərinin miqdarı kifayət qədər böyük ola bilər, lakin adətən onları hər tərəfli, incədən-incəyə təhlili aparılmır. Ən ağıllı çıxış yolu onlardan ümumiyyətlə imtina etməkdir, lakin bu əksər hallarda istehsal texnologiyasının və təşkilinin yenidən qurulmasını tələb edir.
Əgər məhsulun satışından əldə olunmuş puldan, onun istehsalına sərf olunmuş xərclər çıxsaq ümumi mənfəət əldə edəcəyik, ümumi mənfəətdən isə kommersiya xərclərini, vergiləri və dividentləri çıxsaq yerdə bölüşdürülməmiş mənfəət qalacaqdır.
Əlavə dəyər ödənilmiş vergilər, verilmiş əmək haqqı və hesablanmış amortizasiya xərclərindən, həmçinin istehsal maliyyə məsrəflərindən əmələ gəlir..
Müəssisənin qiymətləndirilməsi nəticə verən göstəricilərin və maliyyə durumu göstəricilərinin müştərək istifadəsi yolu ilə həyata keçirilir.
İstehsal qabiliyyəti — nəticənin sərf olunmuş resurslara olan nisbətinə bərabərdir.
Ödəmə qabiliyyəti— müəssisənin tədarükçülər qarşısında mövcud borclarının miqdarı, borcların ödənilməsi qabiliyyəti və öz istehlakçılarına verilmiş kreditlərin həcmi ilə müəyyən olunur.
Rentabellik deyiləndə istehsalat və məhsul göstəriciləri nəzərdə tutulur.
İstehsalat rentabelliyi — bu müəssisə aktivlərindən istifadənin xarakteristikasıdır. O gəlirin istehsal fondlarına olan nisbətindən hesablanır.
Məhsul rentabelliyi — məhsul buraxılışı zamanı istifadə olunmuş resursların xarakteristikasıdır. O satışlardan əldə olunmuş gəlirin məhsulun maya dəyərinə olan nisbətindən hesablanır.
Məhsul ehtiyatlarının dövriyyə qabiliyyəti ehtiyatların həcmini məhsulun illik satış həcmi ilə müqayisə etmək imkanı verir. Bu göstərici faktiki olaraq, il ərzində ehtiyatın tamamı ilə əvəzlənməsi tezliyini əks etdirir.