9 C
Baku
Friday, December 13, 2024

Mülki müqaviləsiz əmək münasibətləri

Ölkədə həyata keçirilən şəffaflaşma prosesi, əmək münasibətlərinə dövlət dəstəyinin artırılması və işçi hüquqlarının müdafiəsi ilə əlaqədar aparılan islahatların nəticəsində Əmək Məcəlləsində bir sıra əlavə və dəyişikliklər edildi. Bu yazımızda müvafiq düzəlişlərlə bağlı məlumat verməyə çalışacağıq. Mövzuya keçməzdən xatırlatmaq yerinə düşərdi ki, bəzən müəssisələr şəxsi işçi statusundan məhrum edərək mülki xarakterli müqavilələr bağlamaqla rahatlıqla müqavilə münasibətlərinə xitam verə, şəxsin geniştərkibli işçi hüquqlarından və sosial güzəştlərdən faydalanmasına mane olurdu. Hazırki düzəlişlər məcburi şəkildə həmin müəssisələrin əmək münasibətlərinə cəlb edilməsinə nail olacaq və işçi hüquqlarının qorunmasına gətirəcək.

Düzəlişlərə əsasən əmək münasibətləri mülki hüquqi müqavilələrlə rəsmiləşdirilə bilməyəcək. Yeniliklərdən biri də əmək münasibətləri anlayışının daxil edilməsi və bu anlayışa izah verilməsindən ibarətdir.

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə  Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Yeni düzəlişlərə əsasən əmək münasibətlərinin dairəsi də verildi.

Belə ki,

1) tərəflər arasında bağlanmış müqavilənin məzmununda rekvizitlər, əmək funksiyası, iş yeri, vəzifəsi, işə başlama vaxtı, iş, istirahət vaxtı, əmək haqqı, əsas və ya əlavə iş yeri olması, məzuniyyət hüququ, tərəflərin öhdəlikləri kimi müddəalar varsa,

və müqavilə nümunəvi əmək müqaviləsi formasında bağlanıbsa, bu əmək münasibətləri sayılacaq.

2) Əmək kitabçası təqdim edilməklə müqavilə bağlanıbsa – məlum olduğu kimi elektron sistemin mövcudluğuna baxmayaraq hələ də əmək kitabçasının tətbiqi mümkün olduğu üçün əgər şəxsin əmək kitabçası alınmaqla iş görülürsə, bu hal da əmək münasibəti sayılacaq.

3) Tərəflər arasında münasibətlərin yaranması vəzifəyə təyin edilmə, müsabiqə əsasında, ödənişli seçkili yaxud təyinatlı işə keçirmə, məhkəmə qərarı ilə qəbul kimi hallarda yaranan münasibətlər də əmək münasibətləri sayılacaq. Bəzi hallarda vəzifəyə mülki müqavilə əsasında təyin edilmə hallarının mövcud olduğu bank və sığorta sektoru kimi sahələrdə artıq şəxsin təyin edilməsi ilə yaranan münasibətlər yalnız əmək münasibətləri sayılacaq.

4) münasibətlər işəgötürənin əsas fəaliyyətinə uyğun olursa, – müəssisələr mülki müqavilə təcrübəsindən istifadə edərkən hətta əsas fəaliyyətinə aid işlərdə də əmək münasibətlərini istisna edirdi. Belə ki, dərzi, sürücü, usta işləri üzrə xidmətlərini təklif edən sahibkarlar həmin statusda olan şəxslərlə əmək müqaviləsi bağlamırdı. Yeni düzəlişlər bu kimi halları da aradan qaldıracaq.

5) Əvəzçilik və ya müvəqqəti əvəzetmə halları mövcuddursa – müəssisədə işçi müvəqqəti işə çıxmadıqda (hamiləlik, 3 yaşadək uşağa qulluq və s) onun yerinə işə cəlb edilən şəxslərlə də münasibətlər əmək münasibətləri olsa da, rəsmiləşdirmə mülki müqavilə ilə davam etdirilirdi. Yaxud şəxs əsas iş yerindəki işindən əlavə başqa işlə məşğul olanda onunla əmək münasibətləri davam etdirilsə də, rəsmiləşdirmə mülki müqavilə ilə olurdu. Artıq bu hallar da aradan qalxacaq.

6) müvəqqəti işlərin müddəti bitməsinə baxmayaraq müddət davam etdirilərsə, – Bir sıra mövsümi işlər həyata keçirilərkən işçi münasibətləri olsa da, əmək müqaviləsi bağlanmayan hallar mövcud idi. Sahibkarlar mövsüm bitsə də, işçiləri yenə də işə cəlb etdikləri hallar olurdu ki, artıq davam edən mübasibətlər də əmək münasibətləri kimi rəsmiləşdirilməli olacaq. Bu hal tək mövsümi işlərlə kifayətlənmir təbii ki. Bəzən təhsil müəssisələrində müəyyən müddət (dərs periodu olan aylar) üçün əmək müqaviləsi bağlanırdı. Daha sonra isə müqavilə müddəti gözlədilirdi. Əslində isə hər tədris müddətində münasibətlər davam edirdi. Bu düzəlişlər belə özbaşınalıqları aradan qaldıracaq.

7) İşin xarakterinə görə nəticədə ödənilən xidmət haqlarının tərkibinə tarif maaşı, əlavə və mükafatlar daxil olarsa, – müəyyən kateqoriya müəssisələr olur ki, ödənilən aylıq xidmət haqqına əlavə olaraq komissiya, mükafat və xüsusi əlavələr daxil edirdi və birbaşa əmək münasibətlərindən kənar olaraq mülki müqavilələrlə münasibətləri rəsmiləşdirirdi. Bu hallar da aradan qalxacaq.

8) Şəxsin işdə olmadığı halda orta əmək haqqı saxlanırsa, şəxsə intizam tənbehi verilə bilirsə, məzuniyyət hüququ verilirsə, ştat ixtisarı və digər əsaslarla rəsmi əmək müqaviləsi olan şəxslərdəki kimi yaranmış münasibətlərə xitam verilirsə, işləri yerinə yetirən şəxsin vəzifələri elə qanunvericilikdə işçinin vəzifələri ilə eynidirsə, – göründüyü kimi qeyd edilən hallar əmək münasibətlərinin xarakteri ilə eynilik təşkil etsə də, işəgötürənlər müəyyən öhdəliklərdən yaxa qurtarmaq və işçi ilə müqaviləyə asanlıqla xitam verə bilmək üçün mülki müqavilələrdən istifadə edirdi. Artıq bu kimi hallarda işçilərlə mütləq əmək müqaviləsi bağlanmalı olacaq.

Müəllif: Şəhriyar Həbilov

 

Son xəbərlər
Digər xəbərlər