-1 C
Baku
Sunday, December 15, 2024

“Nə zamansa manat dəyərdən düşəcək, amma 2022-ci ildə mümkün görünmür”

Son 2 ildə formal hərraclarda dollar satışının qrafikini götürüb analiz etsək, bəzi məqamlara aydınlıq gətirmək olar. 2020-ci ildə pandemiya elan edilən ay neft qiymətləri kəskin endi, panika yaşandı, nəticədə 2020-ci ilin mart ayında dollara təlabat artı, həmin ay 1 milyard 928 milyon dollar satış oldu – yəni, kimin əlində manat var idisə, elə mart ayındaca onu dollar çevirməyə başlamışdı,

Banker.az xəbər verir ki, bununla bağlı şərh verən iqtisadçı Natiq Cəfərli bildirir ki, manatın arxasında duran yeganə amil ölkənin kabohidrogen ehtiyatları olduğunu deyib.

2020-ci ilin martından sonra dövrdən sonra ölkədə müəyyən sabitlik yaranmışdı, dollar satışları hər ay 200-250 mln. aralığında sabitləşmişdi. Amma, yanvar 2021-ci ildə kəskin artım oldu – satış həcmi 379 mln. dollara qalxıb.

“Düşünürəm ki, burada əsas səbəb büdcə xərcləmələri ilə bağlıdır, ölkədə belə bir “ənənə” var ki, həmişə ilin 4-cü rübü, əsas da noyabr-dekabr aylarında büdcə xərcləmələri kəskin artır – hansı idarə, təşkilat, nazirlik, agentlik və dövlət/hökumət qurumlarına nə qədər büdcədən ayırmalar olubsa, onu xərcləməsən, ilin sonunda geri qaytarmalısan, buna görə də, noyabr-dekabr aylarında kisənin ağzı açılır, hamı ayrılan vəsaiti sürətlə xərcləməyə başlayır”.

İqtisadı deyir ki, bunun da nəticəsində manat kütləsi bəlli əllərdə toplanır, onlar da manatı valyutaya çevirməyə başlayırlar.

İqtisadçı hesab edir ki, 2021-ci ilin sentyabrına qədər dollar satışında yenə sabitlik var idi, sonra Türkiyədə lirə kəskin ucuzlaşmağa başladı, bunun həm psixoloji, həm də ticari təsirləri oldu deyə, dollara tələbat artdı, satış həcmləri yüksəlib.

Dekabr ayında 989.2 mln. ABŞ dolları satılmışdı.

İqtisadçı bildirir ki, 2022-ci ilin yanvar ayının 19-dur, artıq 441 mln. dollar satış olub, hələ 2 hərrac da olacaq, son həftələr hər “hərracda” ortalama 120-140 mln. dollar satıldığını nəzərə alsaq, bu ay satılacaq dollar həcmi, təqribən, 600 mln. dollar civarında gerçəkləşəcək ki, bu da 2020-ci ilin mart ayından bəri ən yüksək göstərici olacaq.

Tələbat niyə bu qədər artır?

Natiq Cəfərli bildirib ki, səbəblər çoxdur. Qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi psixoloji təsirdən başqa ticari təsir də yaradır – idxal daha cəlbedici hala gəlir, ölkədə nəyisə istehsal etmək sərfəli olmur, hər şeyi Türkiyə və Rusiyadan (əsas ticarət tərəfdaşlarımız kimi) idxal etmək daha sərfəlidir.

“Daha bir səbəb büdcə xərcləmələri məsələsidir – qeyd etdim, yenə dördüncü rüb kisənin ağzı açılıb, manat kütləsi artıb, bir hissəsi mütləq dollara gedir-gedəcək.

Mən düşünmürəm ki, bu il hökumət devalvasiyaya getsin, zatən devalvasiya qədər təhlükəli bir məsələ olan manatın alıcılıq qabiliyyətinin “əriməsinə” gediblər, inflyasiya yüksəlib, insanların real gəlirləri kəskin azalıb, bunun üzərinə devalvasiya da gəlsə, sosial vəziyyət çox ağırlaşar”.

Ötən gün isə Milli Məclisin deputatı Vahid Əhmədov yerli KİV-ə açıqlamasında uzun illər manatın məzənnəsi inzibati yolla qorunub saxlandığını, amma “proses bir bu qədər də davam edə bilməz” demişdi.

Vahid Əhmədov deyib ki, ölkə daxilində baş verənləri, inflyasiyanı, idxalı, ixracı, pulun dövriyyəsilə bağlı prosesləri görürük.

“Manat inzibati yolla saxlanılır və qorunub saxlanılması üçün də kifayət qədər ehtiyat var. Məzənnənin inzibati yolla qorunub saxlanılması nə qədər davam edəcək, 6 ay, bir il bilinmir. Amma gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək”.

N.Cəfərli əlavə edib ki, Mərkəzi Bank panikanın artmasına özləri rəvac verir: “Mərkəzi Bank qeyri-qanuni olaraq dollar satışına qoyan məhdudiyyətləri aradan qaldırmalıdır, bu panikanı dərinləşdirir. Banklar təlabatı ödəyəcək qədər sərbəst şəkildə valyuta satmalıdırlar ki, panika yaranmasın.

Manatın gələcəyi dumanlıdır – nə zamansa manat dəyərdən düşəcək, bu dəqiqdir, amma 2022-ci ildə bu addımın atılması mümkün görünmür. Neftin 90 dollar, ticarət dövriyyəsinin müsbət saldosunun 10 mlrd. dollar olduğu bir dövrdə bu addımı atmazlar, amma manatın alıcılıq qabiliyyətinin düşməsi, ən az devalvasiya qədər problemli məsələdir”.

Son xəbərlər
Digər xəbərlər