Məhəmməd Quliyev adlı şəxsə məxsus “NAS Project BOKT” ASC 2025-ci ildə 524.7 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 10.9% azalma deməkdir.
Banker.az xəbər verir ki, mənfəətdə geriləmə əsasən xərclərin daha sürətli artımı ilə bağlı olub. xalis faiz gəlirləri artsa da, inzibati və faiz xərclərindəki genişlənmə nəticəni aşağı çəkib.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 1.97 mln. manata çatıb və bu, illik 37.3% artım deməkdir. Eyni zamanda, ümumi xərclər 1.36 mln. manata yüksələrək 60.3% artıb. Nəticedə gəlir-xərc nisbəti pisləşib və bu da mənfəət marjasının daralmasına səbəb olub. Bundan əlavə işçilərin sayı 19-dan 29-a qalxıb.
2025-ci ilin sonuna “NAS Project BOKT” ASC-nin cəmi aktivləri 8.32 mln. manat olub ki, bu da illik 61.3% artımdır. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 7.38 mln. manata yüksələrək 45.5% böyüyüb və cəmi aktivlərin təxminən 88.7%-ni təşkil edib. Portfelin əsasını istehlak kreditləri formalaşdırır, lizinq portfeli isə stabil qalıb, biznes kreditləri isə faktiki olaraq portfeldə yer almır. Bundan əlavə, kredit tşkilatı keçən il kreditindəki təminat bölgüsündə risklərdən qaçma meyilləri nümayiş etidirir. Məsələn, ötən il verilən kreditlərin əsas hissəsini daşınan əmlakla təmin edirdisə, bu il tamamı dəyişib və qiymətli metal təinatlı lombard kreditlərinə keçib. Bu kreditlərin həcmi 3.19 mln. manatdır.
Şirkətin cəmi öhdəlikləri 6.51 mln. manata çataraq 97.4% artıb, kapital isə 1.81 mln. manat səviyyəsində formalaşıb və illik 2.8% azalıb. Bölüşdürülməmiş mənfəət 506.99 min manat olub ki, bu da 9.4% azalma deməkdir. Şirkət 2025-ci ildə 577.5 min manat, 2024-cü ildə isə 435.1 min manat dividend ödəyib ki, bu da kapitalın azalmasına təsir göstərən əsas faktor olaraq qalıb.
Xatırladaq ki, “NAS Project BOKT” ASC 2020-ci ildə təsis edilib və 2023-cü ildə Mərkəzi Bankdan lisenziya əldə edib. Onun 1 milyon 300 min manat nizamnamə kapitalı var. Quliyev Məhəmməd Nizami oğlu 100% səhmdardır.







