ABŞ-ın “Milli Aeronavtika və Kosmos İdarəsi” (NASA) insanları Aya göndərmək üçün “SpaceX” ilə bağladığı müqaviləni dondurub.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bu, İlon Maska məxsus olan şirkətin rəqibləri müqaviləyə etiraz bildirdikdən sonra baş verib.
Xatırladaq ki, aprel ayının ortalarında “SpaceX” astronavtları Aya göndərmək üçün tenderdə qalib gəlib. Bununla əlaqədar olaraq NASA “SpaceX” şirkətinə 2.9 milyard dollar vəsait ayıracağına söz verib.
Qeyd edildiyi kimi, tenderdə eyni zamanda dünyanın ən zəngin adamı Ceff Bezosun qurduğu “Blue Origin” və ABŞ-ın Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən “Dynetics” şirkətləri iştirak edib. Sifarişi eyni anda iki namizədin alacağı gözlənilsə də, NASA yalnız “SpaceX”i seçib.
26 aprel tarixində “Blue Origin” NASA-nın seçimi ilə əlaqədar Amerika Hesablama Palatasına (GAO) müraciət edib. Şirkət NASA-nın qərarının “SpaceX”in kosmos sahəsindəki inhisarını gücləndirəcəyini bildirib. Bu səbəbdən NASA “SpaceX” ilə müqaviləni dondurub. Bildirildiyi kimi, yekun qərar 4 avqust tarixində açıqlanacaq.
Qeyd edək ki, NASA-nın qrafikinə əsasən, Marsa uçuşlar üçün Yerin peykində “köçürmə bazası”nın yaradılmasını nəzərdə tutan “Artemis” proqramı çərçivəsində Aya ilk uçuş 2021-ci ildə, insanların ora enişi isə 2024-cü ildə reallaşacaq. Planlaşdırıldığı kimi ilk olaraq “Orion” gəmisi ilə dörd astronavt uçacaq. Onlardan iksi “SpaceX”in “Starship” gəmisi ilə Aya göndəriləcək.
“Starship” gəmisinin prototipi hələ sınaqdan keçir. 2020-ci ilin dekabr ayında kosmik gəminin modeli sınaq uçuş zamanı partlayıb. “SpaceX” bunu yüksək sürətlə əlaqələndirib. İkinci sınaq fevral ayında keçirilib və bu dəfə də raket partlayıb.
ABŞ-dan başqa “Artemis” proqramında Yaponiya, Kanada, Avstraliya, Böyük Britaniya və Avropa Kosmos Agentliyinin digər üzv ölkələri iştirak edir.