12 C
Baku
Sunday, March 3, 2024

“NATO təlimləri Rusiyaya qarşı müharibəyə hazırlıqdır” – Rusiya XİN

“NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər Rusiyaya qarşı müharibəyə hazırlıqdır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib.

O, bildirib ki, bunlar təxribat xarakterli təlimlərdir, açıq-aşkar aqressiv xarakter daşıyır, həmçinin güc nümayişi və Rusiyaya qarşı hərbi-siyasi təzyiq cəhdidir.

“Ssenari elə tərtib olunub ki, bunun Rusiya ilə hərbi toqquşmaya hazırlığın bir hissəsi olduğuna heç bir şübhə yeri qoymur”, – deyə nazir müavini vurğulayıb

Nazir müavininin sözlərinə görə, proseslər Rusiyanın qərb və şimal-qərb sərhədlərinin gücləndirilməsinin vacibliyini göstərir.

“Hərbi baxımdan bu heç nə verməyəcək, lakin bu, qərb sərhədlərimizin, o cümlədən şimal-qərb zonasının təhlükəsizliyini təmin etmək üçün qəbul edilmiş və gələcəkdə qəbul ediləcək bütün qərarların həyata keçirilməsinin zəruriliyini bir daha vurğulayır”, – deyə Qruşko əlavə edib.

Nazir müavini onu da bildirib ki, təlimlərə hücum fazaları daxildir.

“Bu, Avropanın şimalında sabitliyi pozmaq üçün atılan növbəti məqsədyönlü addımdır”, – deyə Qruşko sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer NATO-nun 2024-cü ildə soyuq müharibədən sonrakı tarixində ən böyük təlim keçirəcəyini bildirib. Bauerin sözlərinə görə, Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək təlimlərdə 40 mindən çox insan iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər