NATO ölkələri Ukraynanın hərbi ehtiyacları üçün 70 milyard avro həcmində maliyyə yardımının ayrılması imkanını nəzərdən keçirirlər. Almaniyanın irəli sürdüyü yeni təşəbbüsdə ABŞ-ın iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil. Bu barədə Euractiv portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, belə bir məbləğin səfərbər olunması alyansın 7-8 iyul tarixlərində keçiriləcək sammitinin əsas nəticələrindən biri ola bilər.
Bir neçə NATO diplomatı portala təsdiqləyib ki, Ankarada keçiriləcək sammitdə elan olunması gözlənilən Kiyevə maliyyə yardım paketi hazırda müzakirə mərhələsindədir. Gözləntilərə görə, Avropa İttifaqı 2026-cı ildə Ukraynanın hərbi ehtiyaclarının maliyyələşdirilməsi üçün 28,3 milyard avro ayıracaq.
Euractiv-in ABŞ-ın bu təşəbbüsə qoşulub-qoşulmayacağı ilə bağlı sualını cavablandıran NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynaya lazım olan iri həcmli maliyyə dəstəyini əsasən Avropa ölkələri və Kanada təmin edir.
Onun sözlərinə görə, Vaşinqton Kiyevə bütün zəruri yardımı göstərməyə davam etdiyini açıq şəkildə bəyan edib. Rütte xüsusilə vurğulayıb ki, Ukraynaya göndərilən həyati əhəmiyyətli Amerika silahlarının tədarükü Avropadakı müttəfiqlər və Kanada tərəfindən tam maliyyələşdirilir.
Alyans diplomatlarından birinin sözlərinə görə, Almaniyanın təşəbbüsü geniş dəstək qazanıb. Daha əvvəl Mark Rütte NATO üzvlərinə Ukraynaya dəstək üçün mütəmadi olaraq ÜDM-in 0,25%-ni ayırmağı təklif etsə də, bu ideya qəbul edilməmişdi. Hazırda isə təşkilat diqqətini Almaniyanın yeni təşəbbüsünə yönəldib.







