Bu ilin may ayında Naxçıvanda MR-da 1 000-ə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.
Bu barədə muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bölgədə torpaqlardan səmərəli, təyinatına uyğun istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi ötən ay da diqqətdə saxlanılıb, Xidmətin bütün fəaliyyət istiqamətləri üzrə işlər uğurla yerinə yetirilib. Hesabat ayında daxil olan müraciətlər əsasında ümumilikdə 998 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
Bundan başqa, mayda vətəndaşlardan Xidmətə daxil olan müraciətlər əsasında ümumilikdə 695 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 74 daşınmaz əmlak obyektinə ünvan verilib. Məhdudiyyət və yüklülüyə dair 371 arayış vətəndaşlara təqdim edilib, elektron informasiya sistemi vasitəsilə 414 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat notariat ofislərinə göndərilib.
Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslərdən daxil olan 114 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Həmçinin, may ayında istifadəyə verilən “ASAN xidmət” Mərkəzində müvafiq xidmət növləri üzrə ümumilikdə 136 vətəndaş müraciəti qəbul edilib.
Ötən ay ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1 200 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.