3 C
Baku
Tuesday, March 5, 2024

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının (MR) Naxçıvan şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.

Banker.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Naxçıvan MR hökumətinin və Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması məqsədilə Naxçıvan şəhərində ilk dəfə olaraq Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib. Mərkəz geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərəcək.

Yeni istifadəyə verilən Vergi ödəyicilərinə xidmət mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması və Asan İmza sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Həmçinin, müraciət edənlərə büdcəyə olan borclarının öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər. 

Qarşıdakı dövrdə muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə xidmət mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər