2 C
Baku
Saturday, December 14, 2024

Nazir: “Azərbaycanın öhdəliklərinin tam icrası üçün bütün imkanlar səfərbər edilib”

Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının qlobal neft bazarında sabitliyin və balansın bərpasının sürətləndirilməsi ilə bağlı səylərini təqdir edir və bu prosesə öz zəruri dəstəyini verir.

Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, aprel ayında əldə edilmiş tarixi razılaşmanın yerinə yetirilməsi də OPEC və qeyri-OPEC ölkələrindən yüksək həssaslıq və qəti addımlar tələb edir: “May ayında neft bazarında müşahidə olunan müsbət meyillərdə şübhəsiz ki, “OPEC plus” ölkələrinin hasilatı azaltması ilə bağlı tədbirlərinin rolu vardır. “OPEC plus” üzvlərinin öhdəliklərinə sadiqlik, Səudiyyə Ərəbistanı, BƏƏ və Kuveytin isə hasilatlarını əlavə həcmlərdə azaltmaqla bağlı mövqeləri neft bazarının tənzimlənməsi üçün həlledici əhəmiyyətə malikdir.”

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

“Azərbaycan xarici və yerli neft istehsalçılarının bu prosesdə bərabər şərtlər çərçivəsində iştirakına nail olaraq, neft sektorunun bütün imkanlarını öhdəliklərinin icrasına yönəldib. May ayının birinci on günlüyündə Azərbaycanın öhdəliyinin icra səviyyəsi 98 faizdir. May-iyun aylarında gündəlik hasilatın 164 min barel azaldılması üçün bütün zəruri tədbirləri görməklə neft bazarına töhfə vermək əsas hədəflərimizdəndir”, deyə nazir bildirib.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul – dekabr aylarında 131 min barel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min bareli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min bareli keçməməlidir.

Son xəbərlər
Digər xəbərlər