Azərbaycanda lisenziyası ləğv olunan banklardan 3-ü hələ də dövlət büdcəsinə olan borcunu ödəməyib.
Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, hazırda bu banklarda ləğvetmə komissiyası işləyir: “Burada digər kreditorlarla yanaşı, büdcə ilə hesablaşma qurtardıqdan sonra bu məsələ də öz həllini tapacaq”.
Bundan öncə Vergilər Nazirliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, lisenziyası ləğv olunan banklardan 3-ün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var. Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən “Evrobank” ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var.
2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən “United Credit Bank” ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir.
Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə “Texnikabank” ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.