10 C
Baku
Thursday, December 12, 2024

Nazir vergidən yayınmanın qarşısını almaq üçün prioritet istiqamət açıqladı

Bu gün Bakıda “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimi keçirilib

Mərasimdə vergilər naziri Mikayıl Cabbarov iştirak edib.

Nazir bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının (Aİ) nümayəndələrinə minnətdarlığını bildirib. O, qeyd edib ki, Vergilər Nazirliyi (VN) milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır. Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması VN-nin fəaliyyətində prioritet istiqamətlər sırasındadır.

Tədbirdə çıxış edən Aİ-nın Azərbaycandakı səfiri Kestutis Jankauskas təmsil etdiyi qurumla VN arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat verib. O, qeyd edilib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə dəstək” adlı tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaq.

Açılış mərasimində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndəsi Elisavet Adamantidou, həmçinin Tvinninq layihəsinin rezident müşavirləri və layihə rəhbərləri çıxış ediblər.

Layihə ilə bağlı təqdimatda bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən tvinninq layihəsi transfer qiymətləndirməsinə dair qanunvericiliyin və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra edilməsi sahələrində Aİ ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinin təmin olunmasına xidmət edəcək. Layihənin məqsədi transfer qiymətləndirməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi məqsədilə VN-nə dəstək verilməsidir.

Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya məqsəd qoyulub. Bu məqsədlərə transfer qiymətləndirməsi sahəsində qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması, “vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi” sisteminin hazırlanması, inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə VN-nin institusional potensialının artırılması daxildir.

Vurğulanıb ki, müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir. Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər tərəfindən həyata keçirilən əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.

Tədbirdə Aİ-na üzv olan müxtəlif ölkələrin səfirləri, VN-nin, digər dövlət qurumlarının, Yunanıstan Milli gəlirlər üzrə müstəqil orqanının, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndələri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri iştirak ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər