ETX-nin qaynar xəttinə və elektron poçtuna daxil olan müraciətlərin əksər hissəsi saxta sosial şəbəkə hesabları ilə bağlıdır.
“Təəssüf ki, Azərbaycan maliyyə bazarında fəaliyyət göstərən banklar işlərində baş verən uğursuzluqları gizlədirlər. Bu isə daha böyük fəsadlara səbəb olur”.
Bunu “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində AMEA-nın İKT institutunda keçirilən tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Faiq Fərmanov deyib.
F.Fərmanovun sözlərinə görə, ETX-nin qaynar xəttinə və elektron poçtuna daxil olan müraciətlərin əksər hissəsi saxta sosial şəbəkə hesabları ilə bağlıdır. “Hazırda müraciətlərin 32%-i bu məsələlərlə, 31%-i istifadəçilərə məxsus sosial şəbəkə hesablarının oğurlanması, 24%-i isə internet informasiya ehtiyatında qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi ilə bağlıdır. Müraciətlərin qalan hissəsi isə istifadəçiyə məxsus kompyuter və mobil qurğuların zərərvericilərə yoluxması və Wi-Fi təhlükəsizliyi ilə bağlıdır”, – ETX-nin rəisi bildirib.