Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
Bu barədə Banker.az Mədəniyyət Nazirliyinə istinad edir.
Məlumata görə, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev yeni təsis olunan müəssisəyə direktor təyin olunub.
Qeyd edək ki, A.Usubəliyev 1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olub. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya ixtisasınə bitirib. 2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. O, 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olub və 2005-ci ildə elmi iş müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2005-ci ildə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun Aksiologiya şöbəsində başlamış, daha sonra 2006-ci ildən 2015-ci ilədək Mədəniyyət Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb və Elm sektorunun müdiri vəzifəsinə qədər yüksəlib. Nazirliyin müvafiq əmri ilə 2015-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə direktor təyin olunmuş və 2018-ci ilin sonunadək bu vəzifəni icra edib. Bununla yanaşı, o, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və Qərb Universitetində baş müəllim vəzifəsində çalışıb.