ABŞ ilə İran arasında sülh danışıqlarının dayanması və Hörmüz boğazı vasitəsilə daşımaların məhdud qalması fonunda qlobal təklifin sıx olması ilə neft qiymətləri həftəyə artımla start verib.
Banker.az xəbər ki, “Brent” markalı neft fyuçersləri Bakı vaxtı ilə 08:53-də təqribən 1.85% artaraq 106.68 dollar/barel olub. ABŞ-ın WTI markalı nefti isə 1% bahalaşaraq 95.35 dollar/barel səviyyəsində qərarlaşıb.
Ötən həftə “Brent” və WTI müvafiq olaraq təxminən 17% və 13% bahalaşaraq müharibənin başlanğıcından bəri ən böyük həftəlik artımı göstərib.
Həftəsonu sülh səylərinin bərpası ilə bağlı ümidlər zəifləyib. Belə ki, ABŞ prezidenti Donald Tramp nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin İslamabada planlaşdırılan səfərini ləğv edib. Bu arada İranın xarici işlər naziri Abbas Araqçi Pakistana gəlib.
“Prezident Trampın Truth Social platformasında yerləşdirdiyi, Hörmüz boğazında mina yerləşdirən istənilən İran gəmisinin məhv edilməsinə çağıran paylaşımı və boğaz üzərində tam nəzarət iddiaları müharibə risklərini daha da artırıb,” – deyə “Phillip Nova” analitiki Priyanka Saçdeva bildirib.
Tehran boğazı əsasən bağlayıb, Vaşinqton isə İran limanlarına blokada tətbiq edib. “Kpler”in məlumatına görə, bazar günü Fars körfəzinə yalnız bir neft məhsulları tankeri daxil olub və bu da daşımaların məhdud qaldığını göstərir.
“Goldman Sachs” cari ilin IV rübü üçün neft qiyməti proqnozlarını artıraraq “Brent” üçün 90 dollar, WTI üçün isə 83 dollar/barel səviyyəsində müəyyən edib. Bank bunu Yaxın Şərqdə hasilatın azalması ilə izah edib.
“İqtisadi risklər yalnız əsas ssenarimizdən daha böyükdür. Çünki neft qiymətlərində artım riskləri, qeyri-adi dərəcədə yüksək neft məhsulları qiymətləri, məhsul çatışmazlığı ehtimalı və şokun misilsiz miqyası mövcuddur” – deyə Goldman Sachs analitikləri qeyd ediblər.





