2 C
Baku
Saturday, December 14, 2024

Neftin qiymətini 50 dollardan yuxarıda saxlayacaq səbəb

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının azaldılması üzrə sazişin müddətini uzadılmasına qərar verərsə bu, “qara qızıl”ın qiymətini 50 dollar səviyyəsindən yuxarıda saxlayacaq. Lakin qiymətdə maksimum bahalaşması real görünmür.

Oxford Enerji İşləri İnstitutunun qaz araşdırma proqramının direktoru Ceyms Henderson bu fikirdədir.

james henderson e1495461290770
Ceyms Henderson, Oxford Enerji İşləri İnstitutunun qaz araşdırma proqramının direktoru

O deyib ki, hasilatın azaldılması məsələsində razılığa gəlmək mümkün görünür: “Lakin ilin ikinci yarısında bu sazişin həyata keçirilməsinin ilin ilk altı ayı ilə müqayisədə nisbətən daha çətin olacaq. Rusiyanın neft şirkətləri əslində istehsalı artırmaq istəyirdilər ancaq bu sazişə əməl etməyə maraq göstərdilər. Bu, həmin şirkətlərin neftin qiymətinin 50 dollardan yuxarıda saxlanılmasının vacibliyini başa düşdüklərini göstərir. Buna görə də onlar əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Ancaq ilin ikinci yarısında müqaviləyə əməl etmək daha çətin olacaq. Müqavilənin uzadılması mümkündür. Lakin onun tətbiqi daha çox səy tələb edəcək. Fikrimcə sazişə riayət edilməməsi riski ilin ikinci yarışında daha çoxdur.”

“Ümumiyyətlə tərəflər neftin qiymətini maksimum artırmaq əvəzinə 50-60 dollar səviyyəsində tutmaqda maraqlıdırlar. İlin sonuna doğru əgər saziş üzrə öhdəliklər tam yerinə yetirilərsə o zaman neftin qiymətinin 50-55 dollar səviyyəsindən 55-60 dollar səviyyəsinə yüksəlməsini gözləmək olar”, – deyə Ceyms Henderson əlavə edib.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər